Bu günlərdə Azərbaycan Tibb Universitetinin Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasında konfrans keçirilib. Kafedra müdiri, professor Məhbubə Vəliyevanın təqdimatı ilə Atatürk Universitetinin professoru Abdulmecit Albayrak, Təbriz Tibb Elmləri Universitetinin əzcaçılıq üzrə professoru Əziz İftexari tədbirdə çıxış ediblər.
Kafedranın əməkdaşları üçün keçirilən konfransda tanınmış professorlar iştirakçıları əczaçılıq sahəsində qazandıqları təcrübələrlə tanış edib, tədqiqatın aparılma üsullarından söhbət açıblar. Alimlərin çıxışları yerli mütəxəssislər tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb.
Onu da qeyd edək ki, Əziz İftexari Təbriz Tibb Elmləri Universitetinin və Madrid Artuklu Universitetinin elmi üzvüdür. O, Marageh Tibb Elmləri Universitetinin və “Eurotoks 2020”nin ən yaxşı tədqiqatçısı seçilib. Bir sıra milli və beynəlxalq mükafatlara layiq görülüb. Təbriz Tibb Elmləri Universitetində İnnovasiya Mərkəzinin direktor müavinidir. Onun tədqiqatlarına hüceyrə və molekulyar biologiya, toksikologiya, xəstəliyin mexanizmi və yükü, müxtəlif ksenobiotiklərin və nanomaterialların in vitro toksikologiyası, dizaynı, sintezi, in vitro modelləşdirilməsi və nanomaterialların təhlükə proqnozu, teranotik tətbiqlər, eləcə də təkmil terapiya metodları daxildir.