Bu günlərdə Daşkənd şəhərində Özbəkistan Bariatrik Metabolik Cərrahlar Dərnəyinin ilk beynəlxalq konfransı keçirilib. Toplantıda Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının əməkdaşı, tanınmış cərrah, tibb üzrə fəlsəfə doktoru Tariyel Ömərov iştirak edib.
Doktor T.Ömərov konfransda “Mədənin boylama rezeksiyası əməliyyatının standartları” mövzusunda maraqlı çıxış edib, bu sahədə son illərdə əldə edilən uğurlarını tədbir iştirakçıları ilə bölüşüb. Həkim qeyd edib ki, mədənin boylama rezeksiyası əməliyyatı digər metodlarla müqayisədə daha asan və yeni başlayan cərrahlar üçün daha praktik tətbiq olunan bir əməliyyatdır. T.Ömərov həmçinin indiyədək müxtəlif beynəlxalq patentləri alan “Aşırı piylənməsi olan xəstələrdə bariatrik-metabolik cərrahi müalicənin optimallaşdırılması” metodu ilə bağlı da məlumat verib. Həm çıxışında, həm də yerli mediaya müsahibələrində T.Ömərov Azərbaycanda bariatrik metabolik cərrahiyyə sahəsində son 10 ildə görülən işlər, əldə olunan nailiyyətlər barədə də ətraflı məlumat verib.
ATU təmsilçisi doktor Tariyel Ömərov beynəlxalq konfransın iki elmi panelində Braziliya, Türkiyə, ABŞ, Rusiyadan olan cərrahlar və professorlarla yanaşı moderator qismində çıxış edib. Azərbaycanlı həkim həmçinin konfransın canlı əməliyyat panelində moderator kimi təmsil olunub.