Oktyabrın 24-25-də Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasının müdiri, dosent Anar Abdullayev Türkiyənin Elm və Sağlıq Dərnəyinin dəvəti ilə İstanbulun Bahçeşehir Universitetində baş tutmuş nəzəri-praktik elmi konfransda iştirak edib.
A.Abdullayev Türkiyə, Qazaxıstan və Moldovadan konfransa qatılmış mütəxəssislər qarşısında “Üzün inkişafı. Üz əzələlərinin formalaşması” mövzusunda məruzə ilə çıxış edib, iştirakçıların çoxsaylı suallarını cavablandırıb. Qeyd edilməlidir ki, üzün anatomiyasına maraq bütün dövrlərdə mövcud olsa da, müasir zamanda plastik və rekonstruktiv cərrahiyyənin, kosmetik əməliyyatların artması, təbii ki, bu sahəyə diqqətin daha da güclənməsinə səbəb olub, anatomlar qarşısında təcrübi təbabətin maraqlarına xidmət edən elmi tədqiqatların aparılması, təşrihin daha incə və detallı metodlarının tətbiqi məsələsini aktuallaşdırıb. Bu cür tədbirlər də məhz həmin məqsədə xidmət edir.
Dünya şöhrətli anatomlar, professor Gürsel Ortuğ və professor doktor Çağatay Barutla görüşdə Azərbaycan və Türkiyə anatomlarının birgə fəaliyyətinin yeni aspektlərinə də toxunulub.