Azərbaycan Könüllü Həkimlər Assosiasiyası (AKHA), “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə təşkilatçılığı ilə şəhid ailələrinin üzvləri və qazilər üçün növbəti tibbi aksiya oktyabrın 29-da Lənkəran rayonunda təşkil olunub.
Rayonun Mərkəzi Xəstəxanasında həyata keçirilən aksiya Lənkəran, Lerik və Astarada yaşayan, həssas kateqoriyalara aid olan 300-ə yaxın vətəndaşı əhatə edib. Müayinələr paytaxtın müxtəlif dövlət və özəl xəstəxanalarında çalışan kardioloq, onkoloq, radioloq, terapevt, pediatr, nevroloq, uroloq və digər ixtisaslı könüllü həkim heyəti tərəfindən aparılıb. Nəticələrə əsasən xəstəlik aşkar edilən vətəndaşlara müvafiq müalicə kursları təyin olunub, onlar zəruri dərman vasitələri ilə təmin ediliblər.
Aksiyada Azərbaycan Tibb Universitetinin həkim-mütəxəssisləri də yaxından iştirak edib. Həkimlərimizdən AKHA-nın sədri, üz-çənə cərrahı Oktay Mehtiyev, ümumi cərah Elman Tağıyev, II Müalicə-profilaktika fakültəsinin dekan müavini, terapevt-kardioloq Arzu Bəydəmirova, ginekoloqlardan Pərvanə Əliyeva və Nüşabə Əlişova fəallıqları ilə seçiliblər. Rezidentlərimizdən Nərmin Əhmədova, Fidan Qarayeva, Könül Rzayeva, tələbələrimizdən Nihad Novruzov, Xəlil Yusuf, Raul Davıdov, İlkin Alıyev, Nərmin Əliyeva, Gülgün Hacıyeva, Mələkxanım Əliyeva, Esra Yılmaz, Fəhmin Cavadzadə, Mizgin Babat, Uğur Altürk, Nevruz Budak, Ünal Muhammed Yarıcı, Amjed Obaid Ahmed, Rujdar Dal, Gülər Pirizadə, Xoşqədəm Şirinli, Lalə Mədətova, Yasəmən Nuri, Abdullah Yarıcı, Nurettin Kayaalp da aksiyaya qatılıb, xəstələrin müayinə olunmasında yaxından iştirak ediblər.
Qeyd edək ki, A.Bəydəmirova tələbələrlə birgə 70-dən çox kardioloji xəstəni müayinə edərək diaqnoz qoyub, onlara lazımi həkim məsləhətlərini verib.
Layihə çərçivəsində sağlamlıq vəziyyəti ağır olan şəxslərin ixtisaslaşmış tibb müəssisələrində müayinədən keçməsi üçün Bakı şəhərinə gətirilməsi və cərrahi əməliyyatlara ehtiyacı olanların əməliyyat edilməsinə dəstək də nəzərdə tutulub.