Tədris Cərrahiyyə Klinikasının Klinik-Diaqnostik Laboratoriyasının müdiri məruzə oxuyub
Noyabrın 2-də Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında (TCK) elmi seminar keçirilib. Seminarda ATU-nun Tədris Cərrahiyyə, Terapevtik və Onkoloji klinikalarının həkim və həkim-rezidentləri iştirak ediblər. Seminarı TCK-nın Rezidentlər üzrə məsul şəxsi, assistent Namiq Xəlilov açaraq, TCK-nın Klinik-Diaqnostik Laboratoriyasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Yavər Hacısoyun “Analizlərə təsir göstərən preanalitik faktorlar” mövzusunda məruzə edəcəyini bildirib.
Y.Hacısoy dövrümüzdə klinik diaqnozun qoyulmasında laboratoriyaların əhəmiyyəti, nəticələrin həkim və pasiyentlərə doğru çatdırılmasının vacibliyindən söhbət açıb. Bildirib ki, dünyada xəstəxanalara müraciət edənlərin təxminən 80 faizi laborator analiz verir: “Əksər hallarda diaqnozun 60-70 faizi laboratoriyanın nəticəsindən asılı olur. Bu, olduqca böyük rəqəmdir. Bu da bir daha laboratoriyanın klinik diaqnozda nə dərəcədə əhəmiyyətli olduğunu göz önünə gətirir”.
Məruzəçi, eyni zamanda testlərin həkimlər tərəfindən necə istənilməsi, nümunələrin götürülməsi, laboratoriyaya çatdırılması, analizatorlarda işlənilməsi və həkimlərə təqdim olunması mərhələlərində buraxıla biləcək xətalar haqqında iştirakçılara geniş məlumat verib. Y.Hacısoy, həmçinin doğru zamanda və doğru nəticənin verilməsi üçün qarşılaşılacaq pre və post-analitik xətaların bilinməsi və önlənməsi üçün hansı tədbirlərin görülməsi haqqında tövsiyələrini də gənc həkimlərlə bölüşüb.
Seminar maraqlı diskussiya ətrafında öz işini başa çatdırıb.