Allergiya ölkəmizdə və dünyada ən geniş yayılmış xəstəliklər sırasına daxildir
Noyabrın 4-də Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Allerqoloq, İmmunoloq və İmmunoreabilitoloqlar Elmi Cəmiyyətinin VI Milli Beynəlxalq Konqresi keçirilib.
Konqresi giriş sözü ilə açan universitetin elmi işləri üzrə prorektoru, dosent Rauf Bəylərov toplantı iştirakçılarına, eləcə də xarici ölkələrdən konqresə qatılan mütəxəssislərə ATU-nun rektoru, professor Gəray Gəraybəylinin salamlarını çatdırıb və konqresin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Bu sahədə keçirilən konqresin çox böyük əhəmiyyət daşıdığını söyləyən Rauf Bəylərov bildirib ki, allergiya ölkəmizdə və dünyada ən geniş yayılmış xəstəliklər sırasına daxildir. Orqanizmdə baş verən hər hansı bir xəstəlik mümkündür ki, gələcəkdə immun sisteminin təhrif olunmuş reaksiyası kimi özünə büruzə versin. Ona görə də hər bir allerqoloq bilməlidir ki, ilk növbədə immun sisteminin təhrif olunmuş reaksiyası hansı hallar üçün xarakterikdir.
Prorektor vurğulayıb ki, belə elmi konqreslərin keçirilməsində də əsas məqsəd insanların bu xəstəliklə bağlı maarifləndirilməsi və onlara lazımi məlumatların çatdırılmasıdır. Bu konqresin ərsəyə gəlməsində professor Amaliya Əyyubovanın çox böyük zəhməti olduğunu qeyd edən prorektor konqresin işinə uğurlar diləyib.
Konqresə qatılan Ümumdünya İmmunpatologiya Təşkilatının prezidenti, MDB ölkələrinin Allerqoloq və immunoloq şurasının prezidenti, İmmunofiziologiya İnstitutunun (Moskva) direktoru, akademik Revaz Sepiaşvili çıxış edərək bu konqresin Azərbaycanda keçirilməsinin təqdirəlayiq hal olduğunu diqqətə çatdırıb: “Düşünürəm ki, bu beynəlxalq konfransın hər il Azərbaycanda keçirilməsi professor Amaliya Əyyubovanın bu sahədəki həm elmi-pedaqoji bacarığı, həm də bu işdə qazandığı böyük səriştəsi və nüfuzu sayəsində baş tutur. İnanıram ki, bu gün bu burada edilən çıxışlarda və aparılacaq elmi diskussiyalarda bu sahəyə dair ən son elmi-tibbi məlumatlar, əldə edilən beynəlxalq təcrübələr müzakirə olunacaq və konqresin iştirakçıları burada öyrəndiklərini praktikada da tətbiq edə biləcəklər”.
Azərbaycan Allerqoloq, İmmunoloq və İmmunoreabilitoloqlar Elmi Cəmiyyətinin prezidenti, MDB ölkələrinin Allerqoloq və kliniki immonoloqlar şurasının vitse-prezidenti, professor Amaliya Əyyubova konqres iştirakçılarını salamlayaraq həmkarları ilə bir arada olmaqdan məmnunluğunu bildirib. O, konqresin keçirilməsinə yaradılan şəraitə üçün universitet rəhbərliyinə təşəkkür edib. Son zamanlar gördükləri işlərlə konqres iştirakçılarını tanış edən professor A.Əyyubova bu sahədəki yeniliklər haqqında məlumat verib.
Daha sonra bu sahə üzrə tanınmış mütəxəssislərdən professor Yelena Şarikadze, assistent Sergey Yurev, professorlar Lalə Allahverdiyeva, Sahib Musayev və başqaları allergiyanın inkişafında risk faktorlarının rolundan və eləcə də allergik xəstəliklərin klinik təzahürlərində iltihabın təsiri mövzularından bəhs ediblər.
Bundan sonra Allerqoloq, İmmunoloq və İmmunoreabilitoloqların VI Milli Beynəlxalq Konqresi öz işini plenar sessiyalarda elmi məruzələrlə davam etdirib.