Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının uşaq kardioloqu Elnur İmanov dünya miqyaslı “ABBOT” təhsil şəbəkəsində proktor həkim statusunu qazanıb. İnvaziv kardiologiya sahəsində flaqman sayılan bu şəbəkənin sertifikatı azərbaycanlı həkimin bütün dünya üzrə təlimçi statusunu təsdiqləyir.
Doktor E.İmanov bildirir ki, “ABBOT” təhsil şəbəkəsinin dünya üzrə cəmi 12 həkimə proktor statusunu verib. Azərbaycanlı həkimin dünya üzrə 12 mütəxəssisdən biri olması ölkəmizin səhiyyə sisteminin inkişafından xəbər verir: “Artıq proktor həkim qismində Asiya, Yaxın Şərq, Qafqaz, Şimali Afrika ölkələri üzrə təlim keçə bilərəm. “ABBOT” ilə birlikdə bu bölgələrdəki həkimlər üçün yeni texnologiyaların xəstələr üzərində təlim keçəcəyik”.
ATU əməkdaşının bu nailiyyət uzunmüddətli zəhmətin bəhrəsidir. Çünki bu sertifikat verilməzdən öncə həkimlərin akkreditasiyaları, apardığın əməliyyatlar, beynəlxalq tədbirlərdə iştirakı və s. Bu kimi məqamlar araşdırılır. Daha sonra bir neçə ay davam edən imtahanlardan uğurla keçən namizədlər proktor həkim elan edilir.
Kardioloq E.İmanov dəfələrlə beynəlxalq konfranslarda və təlimlərdə iştirak edib. Bu ilin sentyabrında uşaq kardioloqu Elnur İmanov ABŞ-da keçirilən “Pics 2022” Pediatrik İnvaziv Uşaq Dünya konqresində (Pediatric and Congenital Interventional Cardiovascular Society Symposium) uğurla iştirak edib. Çikaqoda keçirilən tədbirdə azərbaycanlı mütəxəssis konqresdə iki məqalə ilə çıxış edib.