Azərbaycan Tibb Universitetinin (ATU) tələbələri respublika üzrə karate çempionatında uğurla iştirak edərək yüksək nəticələr əldə ediblər. Universitetin üç tələbəsi peşəkar idmançılarla bir sırada yarışaraq müxtəlif medallara layiq görülüblər.
ATU-nun İdman kompleksinin müdiri Qələndər Aslanovun sözlərinə görə, artıq bir neçə ildir ki, universitetdə karate bölməsi fəaliyyət göstərir. Tələbələr peşəkar səviyyədə karate ilə məşğul olub kəmər dərəcələrinə sahiblənirlər. İndiyədək ATU təmsilçiləri Bakı və respublika üzrə çempionatlarda dəfələrlə qalib çıxıblar.
Üç aylıq gərgin məşqlərdən sonra ATU-nun üç tələbəsi – çempionatına qatılıb. Onlardan ikisi finala vəsiqə qazanıb. Stomatologiya fakültəsinin 5-ci kurs tələbəsi Nəstərən Qərari, Müalicə Profilaktika fakültəsinin 2-ci kurs tələbəsi Toğrul Abdullayev müxtəlif kateqoriyalar üzrə 2-ci yerə çıxaraq gümüş medal qazanıblar. Hərbi Tibb fakültəinin 3-cü kurs tələbəsi İqbal Babazadə isə yarımfinalda məğlub olaraq 3-cü yerə layiq görülüb.
Onu da qeyd edək ki, Stomatologiya fakültəsinin 5-ci kurs tələbəsi Samir Hüseynov isə bu yarışlarda hakim qismində ATU-nu təmsil edib. Bundan əlavə, bir qrup tələbə həkim briqadası olaraq çempionatda iştirak edərək bütün yarış boyu zədələnənlərə yardım göstəriblər.
Bürünc medal sahibi İqbal Babazadə təxminən bir il əvvəl karate kurslarına qatılıb. Kəmər dərəcəsi aldıqdan sonra həvəslə respublika çempionatına hazırlaşıb və uğurlu nəticə əldə edib.
Gümüş medala layiq görülən Toğrul Abdullayev əvvəlcə həvəskar kimi karate ilə məşğul olmağa başlasa da, sonradan ciddi formada məşqlərə davam edib: “Daha da irəli getmək,daha böyük uğurlara imza atmağı hədəflədim. Sentyabrdan etibarən respublika yarışlarına hazırlıq üçün daha da sərt formada məşqlərə başladıq. İndi əldə etdiyimi nəticə onu göstərir ki, əziyyətimiz hədərə getmədi, növbəti illərdə daha yüksək nəticə əldə edəcəyimə inanıram”.
Yarışda hakim kimi iştirak edən 5-ci kurs tələbəsi Samir Hüseynov bu sahədə artıq kifayət qədər təcrübəlidir. İndiyədək beş yarışda hakimlik edən ATU tələbəsi bu cür tədbirlərdə universitetin və Kyokuşin Karate təşkilatının adını layiqincə təmsil etdiyinə görə sevinir.
Gümüş medal qazanan Qərari Nəstərən isə 2017-ci ildən Karate ilə məşğul olur. Əvvəlcə yalnız müdafiə məqsədilə idmanla məşğul olsa da, sonradan peşəkar şəkildə məşqləri davam etdirib. 2019-cu ildə respublika yarışlarında çempion olaraq 1-ci yerə layiq görülüb. Pandemiyaya görə bir müddət yarışlara ara verilsə də, Q.Nəsdərən həvəsdən düşməyib və bu dəfəki yarışda uğurla çıxış edərək 2-ci yeri tutub.
2022-ci ilin respublika çempionatında uğur qazanan ATU tələbələri bu nailiyyətlərin davamlı olacağına, növbəti illərdə nəticələrini daha da yüksəldəcəklərinə inanırlar.