ATU Tələbə Elmi Cəmiyyətinin şura üzvlərinin iştirakı ilə universitetimizdə təhsil alan xarici tələbələrlə görüş keçirilib. Görüşdə TEC-in elmi rəhbəri, tibb elmləri doktoru Müşfiq Həsənov geniş məruzə ilə çıxış edib.
O, TEC-in bu günkü fəaliyyəti və gələcək inkişaf perspektivlərindən söhbət açaraq bildirib ki, tələbələrin, o cümlədən xarici tələbələrin elmi işlərə cəlb olunması universitet rəhbərliyinin diqqət mərkəzindədir: "Rektor, professor Gəray Gəraybəyli bizim tədbirlərdə çıxışlarında da bu məsələnin vacibliyini vurğulayıb və xarici tələbələrin elmi işlərə cəlb olunmasını onların universitetimizi öz ölkələrində təbliğ etməsi, həmçinin müxtəlif ölkələrin gəncləri ilə əlaqə yaradılması baxımından da yüksək dəyərləndirib. Bu nöqteyi-nəzərdən əcnəbi tələbələrin fəaliyyətindən bəhrələnməyi nəzərdə tutmuşuq. Eyni zamanda, elmi fəaliyyət onların təhsilində, eləcə də həkim kimi yetişməsində əhəmiyyətli rol oynayacaq”.
Fakültə TEC-ləri sədrlərinin aktiv iştirak etdiyi müzakirələrdən sonra TEC-in nəzdində xarici tələbələrdən ibarət qrup yaradılıb. Xarici tələbələrin öz içərisindən həmin qrupa rəhbərlər təyin olunub və onlarla fakültə TEC-lərinin sədrləri, yəni şura üzvləri arasında bir logistik mərkəz formalaşdırılıb. Elə oradaca bir neçə xarici tələbəyə elmi işlər təqdim olunub. Onlar TEC-də təmsil olunmaqdan məmnunluqlarını bildirərək, universitetin elmi həyatında aktiv iştirak etmək istədiklərini söyləyiblər.
TEC-in elmi rəhbəri M.Həsənov müzakirələri yekunlaşdıraraq, indiyədək çox az sayda xarici tələbəni elmi tədqiqat işlərinə cəlb edə bildiklərini deyib. Əlavə edib ki, universitetimizdə həm ingilis dili bölməsinin olması, həm də xarici tələbələrin sayının artması onların TEC-də aktiv iştirakına zəmin yaradır.
Qərara alınıb ki, gələcəkdə bu cür tədbirlərə daha çox xarici tələbə cəlb olunsun.