Azərbaycan Tibb Universitetində “Narkomaniya və zərərli vərdişlərə qarşı mübarizəyə dair maarifləndirmə tədbirləri” layihəsi çərçivəsində tələbələrlə görüş keçirilib. "Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyi tərəfindən təşkil olunan tədbirdə ATU-nun tələbələri ilə yanaşı, dövlət və ictimai qurumların nümayəndələri də iştirak ediblər.
Təşkilatın rəhbəri Vidadi Fətullayev çıxışında sağlamlığının qorunması sahəsində ölkəmizdə aparılan islahatlar, dövlət qurumlarının bu sahədə apardıqları mübarizə haqqında danışıb. O, narkotik vasitələr və zərərli vərdişlərin insan sağlığı və cəmiyyətimiz üçün fəsadlarından söz açaraq gənclərimizi bütün zərərli vərdişlərdən uzaq durmağa çağırıb.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun (NMDK) məsul işçisi Vasif Quliyev Narkomaniyaya qarşı 2019-2024-cü illəri əhatə edən Dövlət Proqramı çərçivəsində İşçi Qrup tərəfindən görülən işlər barədə danışıb. O, narkotik və psixotrop maddələrin səbəb olduğu yoluxucu xəstəliklər barədə tədbir iştirakçılarına ətraflı məlumatlar verərərk, 802 və 102 qaynar xətlərinin bu istiqamətdə əhəmiyyətindən bəhs edib.
Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin məsul əməkdaşı Adəm Salahov tərəfindən tədbirdə iştirak edən əcnəbi tələbələrə, qanuna zidd hərəkətlərə görə xarici ölkə vətəndaşları üçün Miqrasiya qanunvericiliyində nəzərdə tutulan müvafiq maddələrdən bəhs etdi və onlara, Azərbaycanda başqa ölkələrdən gələn tələbələr üçün yaradılan yüksək səviyyəli şəraitdən qanunlar çərçivəsində maksimum faydalanaraq, sağlam həyat tərzini seçmələrini tövsiyyə edib.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində tələbələrə maarifləndirici bukletlər və çap materialları da paylanılıb.
Azərbaycan Tibb Universitetinin nümayəndələri öz çıxışlarında ölkəmizdə gənclərin narkotik və zərərli vərdişlərdən uzaq durması üçün yaradılan şəraitdən razı olduqlarını, Prezident Cənab İlham Əliyevin bu il Gənclər Günündə zərərli vərdişlərə qarşı səsləndirdiyi fikirlərin gənclərimiz üçün bir şüar olduğunu bildiriblər.