ATU-nun Uşaq stomatologiyası kafedrasının assistenti Sevinc Nağıyeva İzmir Diş Həkimləri Birliyinin Elmi Konqresində iştirak edib. Əvvəlki illərdə konqresin Elmi Komitəsinin üzvü olan S.Nağıyeva bu il məruzəçi kimi dəvət alıb.
S.Nağıyevanın verdiyi məlumata görə, 29-cu Beynəlxalq Diş Həkimləri Konqresində 1100 həkim və 250 tələbə bir araya gəlib. Türkiyənin müxtəlif ali təhsil müəssisələrindən və bir sıra xarici ölkələrdən tədbirə qatılan 100-ə yaxın elm adamının məruzələri müasir stomatologiyanın bütün sahələrini əhatə edib: “Mən “Tip 1 diabetli uşaqlarda diş əti xəstəliklərinin diaqnozu və müalicəsi” mövzusunda çıxışımda yaşadığımız dövrün ən qlobal xəstəliklərindən biri olan diabetə uşaqlarda da çox rast gəlindiyinə və bu xəstəliyin həzm sisteminin bir hissəsi olan ağız boşluğunda da fəsadlar törədərək dişlərin vaxtsiz itirilməsinə səbəb olduğuna diqqət yönəltdim”.
Əməkdaşımız tədbir zamanı türkiyəli mütəxəssislərlə fikir mübadiləsi aparıb, ATU-dakı tədris prosesi haqda məlumat verib. Konqres çərçivəsində praktik həkimlər üçün önəm daşıyan tibbi və stomatoloji materialların ənənəvi satış sərgisi təşkil olunub: “Geniş sahəni əhatə edən sərgidə cihazlar və materiallarla tanış olmaqla yanaşı, tədris zamanı tələbələrimizə stomatologiya sahəsində baş verən elmi yenilikləri çatdırmağımızda gərəkli ola biləcək bir çox kitablar və jurnalları da əldə edə bildik”.
Qeyd edək ki, əməkdaşımızın çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb və ona xatirə hədiyyəsi təqdim olunub.