ATU-da hərbi-idman yarışlarına start verilib



Noyabrın 19-da ATU-nun Tədris İdman Kompleksində Nəsimi rayon Gənclər və İdman İdarəsi və "Təbib" İdman Klubunun birgə təşkilatçılığı ilə ilk dəfə pilot layihə olaraq hərbi-idman yarışları keçirilib.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himnimiz səsləndirildikdən sonra yarışa start verilib.
ATU-nun Hərbi tibb fakültəsinin 90 tələbəsinin qatıldığı yarışda iştirakçılar 8 normativ üzrə öz güclərini sınayıblar.
Daha sonra hərbi-idman yarışlarının, eyni zamanda Zəfər Günü münasibətilə keçirilmiş badminton (oğlanlar və qızlar), stolüstü tennis (oğlanlar və qızlar), voleybol (oğlanlar və qızlar) və futzal yarışlarının təltifolunma mərasimi baş tutub.
Mərasimdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, ATU-nun Hərbi tibb fakültəsinin dekan müavini, polkovnik Məharət Rzayev, Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev və "Təbib" İdman Klubunun sədri Qələndər Aslanov iştirak ediblər.
Nəsimi İH başçısı Asif Əsgərov çıxış edərək tələbələrə Zəfər Gününün əhəmiyyətindən, eləcə də dövlətimizin gənclərə və idmançılara göstərdiyi diqqət və qayğıdan danışıb. Qeyd edib ki, hərbi-vətənpərvərlik tərbiyəsi işinin geniş şəkildə təbliğ edilməsi gənclərlə iş sahəsində qarşıda duran başlıca vəzifələrdən biridir. Bu kimi oyunların keçirilməsində məqsəd həm də böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə qayğını daha da artırmaq, gəncləri hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına köməklik göstərməkdən ibarətdir.
Sonda qaliblər müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.