Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında (TCK) əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Həsən Sultanovun 90 illik yubileyinə həsr olunmuş "Koloproktologiyanın aktual problemləri” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan ATU-nun Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev bildirib ki, görkəmi şəxsiyyətlər, elm və incəsənət xadimlərinin yubileylərinin keçirilməsi ənənəsinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və cənab prezidentimiz tərəfindən davam etdirilir: “Biz də universitetimiz üçün olduqca əhəmiyyətli alimlərimizdən olan professor Həsən Sultanovun yubileyini qeyd edirik. H.Sultanov çox şərəfli ömür yolu keçib. O, Tərtər rayonunda anadan olub, orta məktəbi bitirdikdən sora Tibb İnstitutuna daxil olub. 4-cü kursdan sonra Rusiyanın Samara Dövlət Tibb Universitetinin Hərbi tibb fakültəsində təhsilini davam etdirib. 1955–1957-ci illərdə Murmansk vilayətində hərbi hospitalda hərbi həkim kimi fəaliyyət göstərib. Sonra Azərbaycana qayıdıb, ordinaturanı başa vurub, Tərtər və Bərdə rayonlarında baş həkim kimi çalışıb. 1969-cu ildə elmlər namizədliyi dissertasiyasını müdafiə edib. 1970-ci illərdən sonrakı həyatını Tibb İnstitutuna həsr edib. Assistent, dosent, professor, 1990-2012-ci illərdə isə kafedra müdiri kimi fəaliyyət göstərib. O işlədiyi müddətdə 42 nəfər elmlər namizədi hazırlayıb. Həsən müəllim həm bir cərrah, həm də böyük bir alim kimi sevilib, seçilib. O, sadəliyi, şəxsiyyəti, insanlarla davranışı ilə başqalarından fərqlənirdi. Həmişə hər kəsə yaxşılıq etməyə çalışırdı. Universitetimizin kollektivi Həsən müəllimin əziz xatirəsini daim yaşadacaq. Çünki o, bir məktəb yaradıb, onun qoyduğu yol indi də davam etdirilir”.
ATU-nun II cərrahi xəstəliklər kafedrasının müdiri, professor Nuru Bayramov çıxış edərək, professor H.Sultanovun həyat və yaradıcılığı haqqında geniş məlumat verib.
Çıxış edənlərdən əməkdar həkim, II Cərrahi xəstəliklər kafedrasının professoru Surxay Hadıyev, əməkdar elm xadimi, III Cərrahi xəstəliklər kafedrasının professoru Məmməd Nəsirov, Ümumi cərrahlıq kafedrasının professoru Məhəmməd Kərimov, Urologiya kafedrasının müdiri, professor Sudeyf İmamverdiyev, Ümumi cərrahiyyə kafedrasının məsləhətçi-professoru Çərkəz Cəfərov mərhumla bağlı xatirələrini səsləndiriblər.
Sonda I Mamalıq-ginekologiya kafedrasının professoru Səadət Sultanova tədbirin təşkilatçıları və iştirakçılarına ailə üzvləri adından təşəkkürünü bildirib: “Beynəlxalq elmi-praktik konfransın keçirilməsinə görə hörmətli rektorumuz, professor Gəray Gəraybəyliyə, Həsən Sultanovun yubileyinə həsr olunmuş kitabda öz ürək sözlərini bildirənlərə, türkiyəli qonaqlarımız daxil olmaqla, bu gün bura onun adına toplaşan hər kəsə təşəkkür edirəm”.