Əməkdaşımıza Milli Olimpiya Komitəsinin xüsusi medalı verilib

 

 

Bu günlərdə Bakıdakı "Gülüstan” sarayında Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) 30 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

Tədbirdə dövlət və hökumət rəsmləri, Milli Məclisin deputatları, federasiyaların rəhbərləri, Olimpiya çempionları və titullu idmançılar iştirak ediblər.

Yubiley tədbirinə ATU-nun “Təbib” idman klubunun məşqçi-müəllimi, professor Zakir Məmmədov da dəvət olunub.

İdman ictimaiyyətinin yaxşı tanıdığı Z.Məmmədov 45-dən çox  elmi-pedaqoji məqalənin, dərslik və metodiki vəsaitlərin müəllifidir. O, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunun (indiki İdman Akademiyası) məzunu olaraq 1977-1987-ci illərdə “Dinamo” könüllü idman cəmiyyətində məşqçi-müəllim, 1979-1980-ci illərdə Azərbaycanın Yunan-Roma güləş yığma komandasının məşqçi-müəllimi, 1980-1982-ci illərdə SSRİ-nin “Dinamo” idman cəmiyyətinin Yunan-Roma güləş yığma komandasında məşqçi vəzifələrində işləyib. 1983-cü ildən Azərbaycan Tibb Universitetində çalışan professor Zakir Məmmədov respublikanın idman həyatında xüsusi fəallığı ilə seçilib. Onun idman sahəsindəki uğurları ulu öndərimiz Heydər Əliyev və ölkə başçısı İlham Əliyev tərəfindən həmişə yüksək qiymətləndirilib. Həmçinin “Əməkdar bədən tərbiyəsi və idman xadimi”, “Əməkdar məşqçi”, “Fəxri bədən tərbiyəsi və idman işçisi”, “Ali  kateqoriyalı müəllim-məşqçi mütəxəssis”, “Beynəlxalq dərəcəli idman ustası”, Avropa və Dünya Güləş Birliyinin (FİLA) “Beynəlxalq dərəcəli hakimi” adlarına layıq görülüb. Azərbaycan Milli Olimpiya Komitəsinə və Azərbaycan Güləş Federasiyasının Hakimlər Kollegiyasına üzv seçilib. O, FİLA-nın ən yaxşı güləş hakimi adına layiq görülüb, qurumun diplom və mükafatları ilə təltif edilib.

İşlədiyi müddətdə 20-ə yaxın “SSRİ idman ustası”, 25-dən çox  “SSRİ idman ustalığına namizəd” və 200-dən çox müxtəlif dərəcəli güləşçi idmançılar yetişdirib. Tələbələri dünyanın ən böyük arenalarında güləş yarışlarının qalibləri və mükafatçıları olublar. Azərbaycanda və xarici ölkələrdə keçirilən beynəlxalq güləş  yarışlarında dəfələrlə hakimlik edib.

Z.Məmmədov 2006-cı ildə Bakıda keçirilən Hərbçilər arasında güləş üzrə dünya çempionatına hakimlik edib və iki tələbəsi dünya çempionu, bir tələbəsi 2014-çi ildə Avropa, 2015-ci ildə isə dünya kubokunun sahibi olub. Eyni zamanda ali məktəb tələbələri arasında keçirilən güləş yarışlarında Tibb Universitetinə 300-dən çox medal  qazandıran tələbələr hazırlayıb.

Yubiley tədbirində idman sahəsindəki xidmətlərinə görə ATU-nun məşqçi-müəllimi, professor Zakir Məmmədov Milli Olimpiya Komitəsinin xüsusi medalı ilə mükafatlandırılıb.