“Aydınlar Ocağı” humanitar ictimai birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə ATU-da “Təhlükəsiz həyat” mövzusunda tədbir keçirib. Tədbiri universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Qoşqar İsmayılov açıb.
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə həlak olan şəhidlərimizin və mina qurbanı olan mülki insanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra qonaqları və tələbələri universitetin rəhbərliyi, rektor, professor Gəray Gəraybəylinin adından salamlayan THİK-nin sədri, tədbirin gedişində mina təhlükəsindən qorunmaq yolları haqqında ətraflı məlumat veriləcəyini diqqətə çatdırıb. O, işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinin hələ də qaldığını, buna görə də maarifləndirici tədbirin əhəmiyyətini vurğulayıb.
Mina təhlükəsi barədə maarifləndirici videoçarxın nümayişindən sonra “Aydınlar Ocağı”nın sədri Vüqar Qədirov çıxış edərək ilk növbədə tədbirin keçirilməsi üçün yaradılan şəraitə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib. O, diqqəti Tibb Universitetinin təsadüfən seçilmədiyinə yönəldərək qeyd edib ki, gələcəyin həkimlərinin hər zaman mina qurbanı olan insanlarla rastlaşmaq ehtimalı var: “Eləcə də gələcəkdə öz təhlükəsizliyinizi qorumaqla bərabər, ətrafınızda olan gəncləri, cəmiyyəti maarifləndirə də bilərsiniz. Bu baxımdan sizin üzərinizə də məsuliyyət düşür”.
İctimai birliyin rəhbəri müharibədən sonrakı dövrdə Ermənistanın öz öhdəliklərini yerinə yetirmədiyini, düzgün mina xəritələrini Azərbaycana vermədiyini söyləyib. Daha sonra layihənin əsas məqsədini diqqətə çatdıraraq, gəncləri risklər və təhlükəsiz davranış haqqında maarifləndirməyin, onlara fərqli mina növləri, partlayıcı qalıqlar və əldəqayırma partlayıcı qurğular barədə məlumat verməyin vacibliyindən söhbət açıb. Eyni zamanda qeyd edib ki, qayıdış və dirçəliş prosesində əhalinin təhlükəsizliyini təmin etmək və bu mərhələdə gənclərin rolunu artırmaq əsas hədəflərdəndir.
“Aydınlar Ocağı”nın üzvü Turanə Orucova tələbələrin öz dostları və qrup yoldaşları arasında, sosial şəbəkələrdə mina təhlükəsizliyi ilə bağlı təbliğat işi aparacağına əminliyini ifadə edib.