Azərbaycan Tibb Universitetində “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin təşəbbüsü və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Qədim Şuşa” adlı sənədli film nümayiş etdirilib. Filmdə Şuşanın tarixi, mədəniyyəti, memarlığı, tarixi şəxsiyyətləri ilə bağlı tanınmış alimlərimiz ətraflı məlumat verir, Şuşa uğrunda vuruşan qazilər döyüş yollarından söhbət açır, təəssüratlarını bölüşürlər.
Birliyin sədri, layihə rəhbəri Şamil Sabiroğlu öncə rəhbərlik etdiyi təşkilat barədə tədbir iştirakçılarına ətraflı məlumat verib: “Tədbirlərimizi daha çox hərbi hissələrdə, Vətənimizi müdafiə edən əsgərlərimiz arasında keçiririk. Beynəlxalq aləmdə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə “Xocalıya ədalət” kampaniyası ilə birgə fəaliyyətimizi davam etdiririk”.
Sonra Ş.Sabiroğlu filmin çəkilməsinin zəruriliyindən danışıb: “Qədim Şuşa” filmi “Şuşa ili” çərçivəsində hazırlanıb. Filmdə Şuşanın tarixindən və Qarabağın Azərbaycana məxsus olmasından söhbət gedir. Filmin xarici dillərə tərcüməsi də nəzərdə tutulub”.
Ş.Sabiroğlu çıxışının sonunda filmin nümayişinə şərait yaratdığı üçün ATU-nun rəhbərliyinə, Həmkarlar İttifaqı Komitəsinə təşəkkürünü bildirib.
ATU-nun professoru Mübariz Allahverdiyev çıxışında filimin əhəmiyyətindən danışıb. O, Şuşada orta məktəbdə oxuduğu illəri kövrək xatirələrlə yada salıb. Ermənilərin vandallığından, tariximizi saxtalaşdıraraq özününküləşdirməyə cəhd etmələrindən, Şuşanı və Qarabağı talan etmələrindən geniş söhbət açıb.
Milli Qəhrəman Ədalət Məhərrəmov da çıxışında filmi təqdir edib. O, keçdiyi döyüş yolundan danışaraq, müharibənin hələ bitmədiyini deyib. Bunu ermənilərin hər an Qarabağda təxribat törədəcəyi ilə əlaqələndirib.
“Azərbaycan Bayrağı” ordenli Məhəd Tağıyev də filmin əhəmiyyətini vurğulayaraq, onun ictimaiyyət arasında geniş nümayişini arzu edib.