Bu gün ATU rektoru, akademik Əhliman Əmiraslanov Bakıda səfərdə olan Daşkənd Tibb Akademiyasının rektoru Şavkat Karimovu qəbul edib.
Görüş zamanı akademik Ə.Əmiraslanov qonaqlara ATU-nun fəaliyyəti, universitet nəzdindəki klinikalar, mövcud tədris sistemi haqqında ətraflı məlumat verib. ATU-nun müasir tibbi avadanlıqlarla təchiz olunmuş 4 klinikasının fəaliyyət göstərdiyi bildirilib. Qeyd olunub ki, klinikalarda tələbələr və rezidentlərin praktiki vərdişlərə yiyələnməsi üçün hər cür şəraiti olan xüsusi tədris mərkəzləri yaradılıb. Bununla yanaşı, bu müəssisələrdə həm də əhaliyə keyfiyyətli tibbi xidmət göstərilir. Hər bir klinika öz profili üzrə ən son model tibbi avadanlıqlarla təchiz olunub ki, bu da pasiyentlərə qısa müddətdə tam dəqiq diaqnoz qoyulmasına, onların düzgün müalicə olunmasına və yüksək ixtisaslı həkimlər tərəfindən uğurlu əməliyyatların həyata keçirilməsinə imkan verir.
ATU-nun Azərbaycanda yeganə tibb təhsil müəssisəsi olduğunu bildirən Ə.Əmiraslanov universitetdə xarici ölkələrdən olan tələbələrin də oxuduğunu bildirdi. Onun sözlərinə görə, hazırda universitetin 7000-dən çox tələbəsi var və onlar tam beynəlxalq standartlara uyğun təhsil alır, yüksək şəraitli klinikalarda təcrübə keçirlər.
Akademik Şavkat Karimov da öz növbəsində rəhbərlik etdiyi müəssisə haqqında məlumat verib. Onun sözlərinə görə, Daşkənd Tibb Akademiyasının tərkibində bir neçə universitet fəaliyyət göstərir. Artıq 11 ildir Akademiyaya rəhbərlik edən Ş.Karimov Azərbaycan Tibb Universiteti ilə əlaqələri genişləndirməyin tərəfdarı olduğunu vurğulayıb.
Görüşün sonunda Azərbaycan Tibb Universiteti və Daşkənd Tibb Akademiyası arasında mütəxəssis və rezident mübadiləsi haqqında qarşılıqlı əməkdaşlıq müqaviləsi imzalanıb.