Narkomaniyaya qarşı maarifləndirmə tədbiri keçirilib

 

Noyabrın 28-də Azərbaycan Tibb Universitetində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyinin “Narkomaniya və zərərli vərdişlərə qarşı mübarizəyə dair maarifləndirmə tədbirləri” layihəsi çərçivəsində tədbir keçirilib.

Layihə rəhbəri Vidadi Fətullayev tələbələr qarşısında çıxış edərək gənc nəslin sağlamlığının qorunması sahəsində ölkəmizdə həyata keçirilən islahatlardan, dövlət qurumlarının bu sahədə apardığı mübarizədən, narkotik vasitələr və zərərli vərdişlərin insan həyatı və cəmiyyətimiz üçün fəsadlarından danışıb, gənclərimizi zərərli vərdişlərdən uzaq durmağa çağırıb. O, ölkə başçısı İlham Əliyevin bu il Gənclər Günündə zərərli vərdişlərə qarşı səsləndirdiyi fikirlərin gənclərimiz üçün bir şüar olduğunu vurğulayıb və tədbirin keçirilməsinə şərait yaratdığına görə universitet rəhbərliyinə təşəkkürünü bildirib.

Sonra Bakı Şəhər Narkoloji Mərkəzin klinik-psixoloqu Günay Babayeva çıxış edib. Mütəxəssis narkotik və psixotrop maddələr, onların səbəb olduğu xəstəliklər barədə tədbir iştirakçılarına ətraflı məlumatlar verib. “Ağ ölüm”ün əsasən gənclər arasında yayıldığını bildirib, onların hansı mühitdə, necə narkotik vasitələrin təsiri altına düşməsi, cəmiyyətdə özlərini necə aparmaları, davranışları və özlərini bu bəladan necə qorumalarından danışıb.

Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb, səsləndirilən suallar Günay Babayeva tərəfindən ətraflı cavablandırılıb. İştirakçılara maarifləndirici bukletlər və çap materialları da paylanılıb.