Şəhidin övladı dünyaya gəlib

 

Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi genişmiqyaslı təxribatların qarşısını alarkən bu il sentyabrın 12-dən 13-nə keçən gecə şəhid olan gizir Vadim Qocayevin yeni doğulan körpəsi xəstəxanadan evə buraxılıb.

Şəhidin övladı Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında noyabr ayının 25-də Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının könüllü həkimi, ginekoloq Səidə Vəliyevanın nəzarəti altında dünyaya gəlib. Klinikanın Neonatalogiya şöbəsinin müdiri Aygün Rüstəmxanlının jurnalistlərə verdiyi məlumata görə, körpənin çəkisi 2 kq 900 qramdır. Şəhidin xanımı və övladı dörd gün könüllü həkimlərimizin nəzarətində olub, aktiv qidalanıb, səhhəti yaxşıdır. Şəhidin xanımı artıq evə buraxılır və yaxın 2 həftə müddətində nəzarətdə saxlanılacaq.

Körpənin evə yola salınması mərasimində Müdafiə Nazirliyinin rəsmiləri, şəhidin döyüş yoldaşları və ailə üzvləri iştirak ediblər.

V.Qocayevlə uzun müddət bir yerdə xidmət etdiyini deyən Elvin Rəsulov Vətən müharibəsində onunla çiyin-çiyinə döyüşdüyünü bildirib: “Müharibədə mən yaralandım, amma Vadim xidmətini davam etdirirdi. O, övladının doğulmasını səbirsizliklə gözləyirdi. Zeyd ikinci övladıdır, bu gün həm də qızı İlaydanın bir yaşı tamam olur”.

Qeyd edək ki, 1997-ci il yanvarın 10-da Qobustan rayonunun Sündü kəndində doğulan Vadim Alik oğlu Qocayev 44 günlük Vətən müharibəsində şərəfli döyüş yolu keçib. O, müharibədən sonra Prezident İlham Əliyevin sərəncamları ilə “İgidliyə görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Dövlət başçısının 2022-ci il noyabrın 5-də imzaladığı digər sərəncama əsasən, V.Qocayev “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalına layiq görülüb.

Təəssüf hissi ilə onu da xatırladaq ki, şəhidin atası Alik Qocayev oğlunun şəhid olması xəbərini eşidəndən sonra ürək tutmasından vəfat edib.