Bu günlərdə Özbəkistanın paytaxtı Daşkənddə iki beynəlxalq konfrans keçirilib. Hepotoloqların təşkil etdiyi bu konfranslarda Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının dosentləri - tibb elmləri doktoru Səddrəddin Atakişizadə və Könül Cəfərova da iştirak edib.
Sədrəddin Atakişizadə “Virus hepatitlərinin müasir müalicə taktikası” və “Bəzi xəstəxanadaxili infeksiyaların törədicilərində genişspektrli antibiotiklərə həssaslığı”, Könül Cəfərova isə “Meningokok infeksiyasının müasir müalicə prinsipləri” mövzularında çıxış ediblər. Onlara tədbirdə iştiraklarına və çıxışlarına görə sertifikatlar təqdim olunub.
ABŞ, Rusiya, Avropanın bir sıra ölkələrindən, MDB məkanından çoxsaylı infeksionist, mikrobioloq, hepatoloq, parazitoloq, virusoloqların iştirak etdiyi konfransda universitetimizin əməkdaşlarının çıxışı və toxunduqları problemlər iştirakçılar tərəfindən maraqla qarşılanıb. Məruzəçilər xəstələr üzərində təcrübələrini bölüşüb, fikir mübadiləsi aparıblar. Azərbaycan təcrübəsi iştirakçıların böyük əksəriyyətinin diqqətini çəkib. Bu səbəbdən ATU-nun əməkdaşlarına çoxsaylı suallar ünvanlayıblar.
Konfransdan sonra təşkil olunan musiqili proqramda müxtəlif xalqların musiqiləri ilə yanaşı, Azərbaycan musiqisi də səsləndirilib. Qonaqlar milli musiqimizin sədaları altında rəqs ediblər. ATU-nun əməkdaşları Özbəkistanın gəzməli-görməli yerləri ilə tanış olmaqla yanaşı, Teymurləng və oğlu Uluğbəyin qəbirlərini də ziyarət ediblər.