ATU-nun həkimləri Vətən müharibəsi qazisini  əməliyat ediblər

 

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkimləri Vətən müharibəsinin ilk günündən qazilərimizin qulluğunda dayanaraq onların sağlamlığının bərpası uğrunda çalışıblar. Klinikanın kollektivi tərəfindən savaşda yaralanmış hərbçilərimizə bu gün də zəruri tibbi xidmət göstərilməkdədir. 

Vətən müharibəsində yaralanmış qazi Elşən İsmayılov bu günlərdə Tədris Cərrahiyyə Klinikasında ikinci dəfə əməliyyat olunub. Bu haqda məlumat verən klinikanın Transplantologiya şöbəsinin müdiri Anar Namazov bildirib ki, qazi E.İsmayılov döyüş zamanı qarın boşluğu və döş qəfəsindən mərmi yarası alıb: “Həmin vaxt E.İsmayılov Naftalanda hospitalda ilkin əməliyyat olunmuşdu. Splenektomiya (dalağın xaric olunması) aparılmış, döş qəfəsi BLAU üsulu ile drenaj edilmiş ve körpücük sümüyünün sınığı fiksasiya olunmuşdu. Sonradan qazimizin klinikamızda müalicəsi davam etdirildi. Səhhəti yaxşılaşdıqdan sonra E.İsmayılov evə yazılıb. Lakin növbəti  müayinələrdə E.İsmayılovda əməliyyatdan  sonrakı giqant yırtıq aşkar olundu.YAŞAT Fondu və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə qazi tərəfimizdən laparoskopik üsulla əməliyyat olundu və yırtıq aradan qaldırıldı”.

Hazırda klinikada müalicəsini davam etdirən qazi E.İsmayılov 25 ilə yaxın hərbi xidmətdə olduğunu, müharibədən öncə 2016-cı ilin Aprel döyüşlərində iştirak etdiyini bildirib: “44 günlük Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində döyüşmüşəm. 2020-ci il oktyabrın 3-də Suqovuşanı azad etdik. Növbəti gün isə döyüşdə ağır güllə və qəlpə yaraları aldım. Ağır vəziyyətdə Naftalandakı hospitala təxliyə olunmuşam. İlk təcili əməliyyatdan sonra isə Bakıya göndərilmişəm. Tədris Cərrahiyyə Klinikasında Anar doktor və tibbi heyətinin köməkliyi ilə sağlamlığıma qovuşub, ailəmin yanına qayıtmışam”.