ATU TEC-in rəhbəri beynəlxalq konqresdə iştirak edib



ATU-nun Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri, Ümumi cərrahiyyə kafedrasının əməkdaşı, Azərbaycan Endoskopik Laparoskopik Cərrahlar Assosiasiyası (AELCA) İctimai Birliyinin sədri, tibb elmləri doktoru Müşfiq Həsənov və nümayəndə heyəti Türkiyənin Antalya şəhərində Türk Qastroenterologiya Dərnəyinin təşkilatçılığı ilə keçirilən “39-cu Beynəlxalq Qastroenterologiya həftəsi və 10-cu Qastroenteroloji Cərrahiyyə Konqresi”ndə iştirak ediblər.

Müşfiq Həsənovun "Təbib" qəzetinə verdiyi məlumata görə, dünyanın 20-dən çox ölkəsindən 1500-dək iştirakçının qatıldığı beynəlxalq konqres dünya qastroenteroloqlarını, cərrahlarını, universitet və dərnəklərini bir araya gətirərək, müasir texnologiyalar, müayinə və müalicə üsullarını təhlil edib. Konqresdə simulyasiyalara əsaslanan təlim metodlarının tibb tədrisindəki əhəmiyyəti, canlı heyvanlar üzərində aparılan endoskopik əməliyyatlar simulyasiyalar vasitəsilə çatdırılıb. Eyni zamanda "Peritonitlə ağırlaşmış pankreonekroz zamani sekeltiv müalicənin tədqiqatının effektivliyi" mövzusunda arasdırma konqresin proqramına daxil edilib.

Konqres gələcəkdə ATU-da canlı heyvanlar üzərində aparılan əməliyyatların simulyasiyalarla keçirilməsi, bu məqsədlə ənənəvi və onlayn kursların təşkili, tələbə və rezidentlərin bu xətt üzrə xaricdə kurslara göndərilməsi, həmçinin bu sahədə qardaş ölkənin tibb mütəxəssisləri ilə təcrübələrin bölüşdürülməsi, universitetlər və cəmiyyətlər arasında koordinasiyanın qurulması, tibbin aktual sahələrinə dair elmi araşdırmaların tibb təhsilinə inteqrasiyası baxımından böyük əhəmiyyət daşıyır.

Qeyd edək ki, Birinci Beynəlxalq Tibbi Forum çərçivəsində AELCA ilə Türk Qastroenterologiya Dərnəyi arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.