Dekabrın 2-də Nəsimi rayon Ağsaqqallar Şurasının ATU-da yeni özəyinin yaradılması məqsədilə yığıncaq keçirilib. İclası universitetin Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev açaraq son zamanlar Nəsimi rayon Ağsaqqallar Şurasının fəaliyyətində böyük irəliləyiş olduğunu diqqətə çatdırıb.
Cəmiyyətdə, xalq arasında ağsaqqal sözünə həmişə yüksək qiymət verildiyini deyən prorektor qeyd edib ki, professor Vaqif Şadlinskinin şuraya sədr seçlməsindən sonra bu fəaliyyət daha da güclənib. Belə ki, Nəsimi rayonunun ərazisində yerləşən ali məktəblərdə, ayrı-ayrı idarə və müəssisələrdə hər ay müxtəlif tədbirlər keçirilir, ahıl insanlara, şəhid ailələrinə, qazilərə xüsusi diqqət və qayğı göstərilir. S.Əliyev torpaqlarımızın işğaldan azad edilməsində qəhrəmanlıq göstərən gənc nəslin tərbiyəsində onların ailələrinin, ağsaqqallarının böyük rolundan, bu baxımdan ağsaqqallarımıza daim ehtiram göstərməyin vacibliyindən söhbət açıb.
Bundan sonra Nəsimi rayon Ağsaqqallar Şurasının sədri, ATU-nun İnsan anatomiyası və tibbi terminologiya kafedrasının məsləhətçi professoru Vaqif Şadlinski çıxış edərək, şuranın strukturu haqqında ətraflı məlumat verib. Nəsimi rayonunun Bakı şəhərinin 12 rayonu içərisində ərazicə kiçik, əhali sayına görə isə ən böyük rayon olduğunu söyləyib. O, rayonun ərazisində 12 ali məktəbin, böyük səhiyyə ocaqlarının, bir neçə nazirliyin yerləşdiyinə diqqət çəkərək, burada fəaliyyət imkanlarının da geniş olduğunu bildirib. Onu da vurğulayıb ki, rayonda 70 min ziyalının olduğunu nəzərə alsaq, işlər yaxşı getməlidir. Xüsusilə, gənclərlə tərbiyə işlərinə hər zaman diqqət yetirilməlidir.
Natiq ölkəmizdə həyata keçirilən inkişaf prosesi ilə bağlı ağsaqqallar tərəfindən əhali, xüsusilə gənclər arasında maarifləndirmə işinin aparılmasının, eyni zamanda rayonun ictimai-siyasi həyatında ağsaqqalların yaxından iştirak etməsinin zəruriliyindən danışıb.
Bəzi ağsaqqallarımızın yaddan çıxdığını təəssüflə bildirən şura sədri, bu istiqamətdə hələ çox işlər görülməli olduğunu, vaxtilə xalq qarşısında böyük xidmətləri olan həkimlərin, müəllimlərin yubileylərinin ayrı-seçkiliyə yol verilmədən keçirilməsinin vacibliyini diqqətə çatdırıb. Bu nöqteyi-nəzərdən Azərbaycan Tibb Universitetinin potensialından səmərəli istifadə ediləcəyinə əminliyini ifadə edib.
Yığıncağın sonunda ATU-da Nəsimi rayon Ağsaqqallar Şurasının 25 nəfərdən ibarət özəyi yaradılıb. Ortopedik stomatologiya kafedrasının məsləhətçi professoru Zöhrab Qarayev özəyin sədri, Tibbi və bioloji fizika kafedrasının professoru Hüseyn Abıyev və II Müalicə-profilaktika fakültəsinin dekanı, dosent İsrail Məhərrəmbəyli isə sədr müavinləri seçiliblər.