Hazırda bütün dünyanı narahat edən Ebola virusu ilə bağlı yaranmış vəziyyət Azərbaycan Tibb Universitetində (ATU) müzakirə olunub. Bu günlərdə ATU-nun Hərbi Tibb Fakültəsində “Ebolu virusu- bəşər tarixinin ən qəddar virus xəstəliyi" mövzusunda elmi konfrans keçirilib.
Tədbir Silahlı Qüvvələrin baş cərrahı tibb xidməti polkovniki Famil Babayevin açılış nitqi ilə başlayıb. O, elmi konfrans zamanı məruzə olunacaq məsələlərin aktuallığı haqqlnda danışıb. F.Babayev Ebola virusu, xəstəliyin yayılma coğrafiyası, onun yaratdığı problemlər barəsində söz açıb. Məruzəçi həmçinin bu virusun Azərbaycanda yayılmasının qarşısını almaq məqsədilə həyata keçirilən profilaktik tədbirlərdən də danışıb.
Konfransda daha sonra Silahlı Qüvvələrin baş infeksionisti, tibb xidməti polkovniki Azər Nağıyevin "Virus mənşəli hemorragik qızdırmalar", tibb xidməti polkovnik-leytenantı Azad Məmmədovun "Ebola virusu tərəfindən törədilən xəstəlik", tibb xidməti polkovnik-leytenantı Fərhad Meybəliyevin "Kontagioz hemorragik qızdırmalarda əks-epidemik tədbirlər" mövzusunda məruzələri dinlənilib.
Elmi konfransda fakültənin müəllimləri, rezident və tələbə heyəti iştirak edib. Konfrans tələbələr tərəfindən səsləndirilən sualların cavablandırılması ilə başa çatıb.