Əhliman Əmiraslanovun tələbələrlə görüşü

Bu gün ATU-nun  rektoru, akademik Əhliman Əmiraslanovun tələbələrlə görüşü baş tutub. Görüşün məqsədi tələbələri narahat edən məsələlərlə tanış olmaq, onların fikirlərini öyrənmək, bəzi problemlərin həlli ilə bağlı təklifləri dinləmək və onların həllinə nail olmaqdan ibarət olmuşdur. Görüşdə universitetin bütün fakültə və kurslarından olan 500-dək tələbə, prorektorlar, dekanlar, kafedra müdirləri və  müəllimlər iştirak etmişdir.

  Giriş sözü ilə tədbiri açan rektor yüksək ixtisaslı həkim kadrların hazırlanması məqsədilə son illər universitetdə görülən işlərdən danışaraq qeyd etdi ki, artıq bütün klinik kafedralar  tələbələr üçün inşa edilmiş, ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş universitet klinikalarında cəmləşmişdir. Rektor vurğuladı ki, həm tədris terapevtik, həm də tədris cərrahiyyə klinikalarında təcrübi vərdişlərə yiyələnmək üçün təşkil olunmuş treyninq mərkəzləri tələbələrin istifadəsindədir. Ə.Əmiraslanov qış imtahan sessiyasının yaxınlaşdığını qeyd edərək bildirdi ki, artıq 4 ildir ki, universitetdə obyektivliyi tam qorumaq məqsədilə  imtahanlar  insan faktoru olmadan, bilgisayarlar vasitəsilə aparılır.

 Sonra tələbələr çıxış edərək Rektorun onlarla görüşə vaxt ayırdığına görə minnətdar olduqlarını və universitetdə tələbələrin yüksək biliklərə yiyələnməsi üçün yaradılan şəraitdən razı qaldıqlarını bildirdilər. Tələbələr onları maraqlandıran sualları birbaşa Rektora ünvanlandırmaqla yanaşı, bəzi dərsliklərin həcminin çoxluğu, sərbəst işlərə çox vaxt sərf edilməsi kimi problemləri dilə gətirdilər. Rektor tələbələri maraqlandıran sualları cavablandıraraq qeyd edilən problemlərin həlli üçün tapşırıqlar verdi.