Dekabrın 3-də Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Avropa Şurasının ERASMUS MUNDUS proqramının layihələri üzrə informasiya günü keçirilib.
Tədbirin əvvəlində ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Dosent Rəhimə Qabulova çıxış edib. O, proqramın əhəmiyyətindən söz açaraq bu layihələrin tələblər üçün yaratdığı imkanlardan danışıb. R.Qabulova ATU-nun iştirakçı olduğu MEDEA layihəsi, bu layihə çərçivəsində görülən işlər haqda da ətraflı məlumat verib.
Azərbaycan Dillər Universitetinin Beynəlxalq Əlaqələr Şöbəsinin əməkdaşı İlham Abbasov təmsil etdiyi ali təhsil müəssisəsinin iştirakçısı olduğu BAKİS, ALRAKİS, HERMES və EMBER layihələri haqqında fikirlərini bölüşüb.
Ümumilikdə çıxışlarda qeyd olunub ki, ERASMUS MUNDUS proqramı tələbə, müəllim, magistr və doktorantların mübadiləsi məqsədilə yaradılıb. Qonaqlar Azərbaycan Universitetlərinin Avropa Təhsil sisteminə inteqrasiya prosesində bu proqramın xüsusi rol oynadığını vurğulayıblar.
Xatırladaq ki, ERASMUS MUNDUS proqramı çərçivəsində indiyə qədər icra olunan layihələr arasında MEDEA tibb sahəsinə aid yeganə layihədir. Hazırda ATU-nun 1 tələbəsi və 1 rezidenti bu layihənin dəstəyi ilə Almaniyanın Şarite və Birləşmiş Krallığın Kardif universitetlərində təhsillərini davam etdirir.