Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının nəzdindəki Ürək Damar Mərkəzinin işə başlamasından 1 il keçir. Bu bir ildə mərkəzin fəaliyyəti, qəbul edilən xəstələr və onların uğurlu müalicəsi, mərkəzin elmi nailiyyətləri haqqında mərkəzin rəhbəri dosent Fərid Əliyev saytımıza məlumat verib.
F.Əliyevin sözlərinə görə, TTK-nın Ürək damar mərkəzi ölkəmizdə ürək prosedurlarının hamısını yerinə yetirən bir mərkəzdir. O, əldə edilmiş uğurlar qismində fəsadlaşma hallarının azalması, xəstələrin məmnuniyyətinin artması, innovativ prosedurların icrası ilə bağlı yeniliklərin olduğunu bildirdi. Ürək-Damar Mərkəzində həmçinin həkim-rezidentlərin və tələbələrin praktiki vərdişlərə yiyələnməsi üçün də şərait yaradılıb. Sevindirici haldır ki, həkim- rezidentlər artıq bir çox prosedurları sərbəst şəkildə icra edə bilirlər. Mərkəzdə daha yeni invaziv və noninvazib prosedurların icrasına start verilib.
ATU-nun Ürək Damar Mərkəzi Avropa Kardiologiya Cəmiyyəti ilə sıx əməkdaşlıq qurmağı bacarıb. Mərkəz bu beynəlxalq şəbəkənin həm təhsil komitəsi, həm də rəhbər tövsiyə komitəsinə üzv qəbul edilib. Mərkəz əməkdaşlarının məqalələri beynəlxalq tibbi nəşrlərdə və yerli jurnallarda dərc olunub.
Bir il ərzində mərkəzdə xeyli sayda xəstə stasionar şəraitdə müalicə olunub. Xəstələrə transtorasik exokardioqrafiya, EKQ müayinə tətbiq edilib. Bu müddətdə 29 nəfərdə ürəkdaxili defibrilyator, 1 nəfərdə anadangəlmə ürəkdaxili qüsurların qapalı yolla bağlanması əməliyyatı həyata keçirilib. Gələcəkdə Ürək Damar Mərkəzində kardioreanimasiya şöbəsinin qurulması, 3 ölçülü exokardioqrafiyanın aparılması, 3 ölçülü xəritələmə sisteminin tətbiqi və digər yeniliklər nəzərdə tutulur.