Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ölkəmizdə 2023-cü il “Heydər Əliyev İli” elan edilib. İl ərzində Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti və digər qurumlar tərəfindən müxtəlif xarakterli sosial dəstək tədbirlərinin və xeyriyyə aksiyalarının keçirilməsi planlaşdırılır.
Bu gün “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Tibb Universiteti və ATU-nun Tələbə Həmkarlar Komitəsinin ilk tədbiri keçirilib. ATU nümayəndə heyəti və tələbələr Milli Hematologiya və Transfuziologiya Mərkəzini ziyarət ediblər. Xeyriyyə tədbiri zamanı mərkəzdə müalicə alan uşaqlar üçün yeni il əyləncələri təşkil olunub, hədiyyələr təqdim edilib. Həmçinin, Gənc Tamaşaçılar Teatrı tərəfindən balacalar üçün məşhur “Bremen musiqiçiləri” tamaşasının nümayişi təşkil olunub.
Qeyd edək ki, tədbirin təşkilində Səhiyyə Nazirliyinin Həmkarlar Komitəsi, ATU rəhbərliyi yaxından iştirak edib. ATU-nun Tələbə Həmkarlar Komitəsinin sədri Qoşqar İsmayılov tədbirin təşkilində yaxından iştirak edən və uşaqlara dəstək olan Gənc Tamaşaçılar Teatrının heyətinə və ev sahibliyi edən Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Həmkarlar İttifaqı Komitəsinə də təşəkkürünü bildirib.