Bu gün Azərbaycan Tibb Universitetində (ATU) Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Milli Məclisin üzvləri, universitetin professor-müəllim heyəti, ziyalılar və tələbələr iştirak ediblər.
Konfransı giriş sözü ilə açan ATU-nun rektoru, millət vəkili Əhliman Əmiraslanov Ulu Öndər H.Əliyevin həyatı və böyük siyasi fəaliyyəti ilə bağlı məlumat verdi. Qeyd etdi ki, hər il Azərbaycanla yanaşı bir çox ölkələrdə müasir Azərbaycanın yaradıcısı olan Heydər Əliyevin anım mərasimləri təşkil olunur: “Tarixdən də bəllidir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Ulu Öndərin Azərbaycanın ərazi bütövlüyü uğrunda gördüyü işləri artıq bütün dünya etiraf edir”.
Akademik Ə.Əmiraslanov bildirib ki, Heydər Əliyevin Azərbaycanın səhiyyə sahəsinin inkişafı üçün gördüyü işlər əvəzsizdir. Ulu Öndər daim Azərbaycan Tibb Universitetini diqqət mərkəzində saxlayıb və universitetin maddi texniki bazasının möhkəmləndirilməsində onun böyük rolu olub: “Tibb Universiteti Ulu Öndərin 2 dəfə olduğu yeganə ali təhsil müəssisəsidir”.
ATU-nun rektoru Ulu Öndərin Azərbaycan xalqının gələcək inkişafı üçün İlham Əliyev kimi müdrik şəxsiyyəti yetişdirməsini də qeyd etdi. Vurğuladı ki, Azərbaycan prezidenti Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi kursu çox uğurla davam etdirir və bu mövqeyinə görə xalqımız həmişə onu dəstəkləyəcək: “Məhz bu uğurlar Prezident İlham Əliyevə xalqın sonsuz rəğbət və hörmətini qazandırıb. Dövlətimizin başçısının rəhbərliyi altında qazanılan nailiyyətlər bu gün də davam edir və xalqımızı xoşbəxt gələcəyə doğru aparır”.
Sonra YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət Həsənova çıxış edərək hazırda Heydər Əliyevin adının Atatürklə yanaşı çəkildiyini xatırlatdı: “Bu gün dünyada 5000-ə yaxın dil, millət var. Onlar arasında tanınmaq, fərqlənmək böyük bir işdir. Qlobal təhdidlərlə dolu olan bu dövrümüzdə Azərbaycanın öz müstəqilliyini qoruyub saxlaması çox çətin bir iş idi ki, bunun öhdəsindən ancaq Heydər Əliyev kimi dahi şəxsiyyət gələ bilərdi”.
Daha sonra tədbir iştirakçılarından akademik Adilə Namazova, ATU-nun elmi işlər üzrə prorektoru İbrahim İsayev, universitetin əczaçılıq fakültəsinin dekanı Tahir Süleymanov, ATU-nun 3-cü kurs tələbəsi, Prezident təqaüdçüsü Xatın Məmmədova Heydər Əliyevlə bağlı fikirlərini səsləndirdilər. Qeyd olundu ki, Ulu Öndər Heydər Əliyevin adı qədirbilən Azərbaycan xalqının qəlbində daim yaşayacaq.