Dekabrın 9-da Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası, Türkiyənin “Klinik Biokimya Uzmanları” dərnəyi və “ Hipokrat” laboratoriyası ilə birgə “Laboratoriyaların akkredittasiyası və keyfiyyətə xarici nəzarət” mövzusunda elmi- praktik seminar keçirmişlər.
Seminarı giriş nitqi ilə açan Tədris Terapevtik Klinikasının direktoru, professor Surxay Musayev qonaqları salamlayaraq onlara universitet klinikalarının yaradılması, inkişafı və onlara göstərilən dövlət qayğısı barədə ətraflı məlumat verdi. S. Musayev qeyd etdi ki, Ulu öndər Heydər Əliyevin böyük siyasətini layiqincə davam etdirən cənab prezidentimiz İlham Əliyevin yaxından köməkliyi ilə yaradılan bu klinikalar qısa zaman ərzində dünyanın aparıcı klinikaları ilə birgə ışgüzar əməkdaşlıq edirlər. Hazırda Tədris Terapevtik Klinika universitetimizin rektoru, akademik Əhliman Əmiraslanovun böyük təşkilatçılığı sayəsində beynəlxalq nüfuz qazanaraq dünyanın tanınmış 50 klinikası ilə yaxından əlaqə saxlayır. Klinikada aparılan müasir müalicə üsullarından və yeni yaradılan şöbələrin iş fəaliyyətindən bəhs edən klinika rəhbəri bildirdi ki, bizim hədəfimiz yaxın aylarda klinikada sümük iliynin köçürülməsini uğurla həyata keçirməkdir. Respublikamızın aparıcı laboratoriya mütəxəsisslərinin də iştirak etdiyi seminarın işinə uğurlar diləyən S. Musayev klinikanin ən vacib sahələrindən birini laborator xidmət təşkil etdiyini və bu baxımdan da burada ediləcək çıxışların faydalı olacağını söylədi.
Türkiyəli alimlər- “Klinik Biokimya Uzmanları” dərnəyinin başqanı professor, doktor Necip İlhan və uzman, doktor Cüneyit Canbolat bu dərnəyin bir sıra dünya ölkələrində həyata keçirdiyi layihələrdən iş prinsipləri və laboratoriyalarda aparılan işin keyfiyyətinə xarici nəzarət üsullarından və onların mühüm əhəmiyyətindən bəhs etdilər. Qonaqlar laboratoriya sahəsində çalışan mütəxəsisslərə işlərini necə qurmaları üçün dəyərli məsləhətlər verdilər. Onlar bildirdilər ki, seminar təşkilatçıları Azərbaycan Səhiyyə Nazirliyi ilə birlikdə gələcəkdə də klinik laboratoriyaların əməkdaşları üçün belə tədbirlərin keçirilməsini davam etdirəcəklər.
Tədris Terapevtik Klinikasının baş həkimi Ramin Bayramlı və Türkiyədə fəaliyyət göstərən “Hipokrat” laboratoriyasının rəhbəri doktor Oktay Öztürk Klinik laboratoriyaların akkredittasiyasının əhəmiyyəti haqqında çıxış etmişlər.
Toplantının sonunda Türkiyəli alimlər yerli mütəxəsisslərin onlara verdikləri sualları cavablandırmışlar.