Valideyn himayəsindən məhrum olmuş uşaqlar universitetin Stomatoloji Klinikasında müayinə və müalicə olundu
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il öncəsi Azərbaycan Tibb Universiteti kimsəsiz uşaqları özünəməxsus şəkildə sevindirib. Belə ki, universitetin rektoru, akademik Əhliman Əmiraslanovun dəstəyi ilə ATU-nun Stomatoloji Klinikasında valideyn himayəsindən məhrum olmuş uşaqlara xeyriyyəçilik məqsədi ilə stomatoloji xidmət göstərilib.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 5 milyarda yaxın insanın stomatoloji problemləri var. Azərbaycanda isə əhalinin təxminən 90 faizi kariyesdən əziyyət çəkir və bu göstəricinin böyük bir hissəsini uşaqlar təşkil edir. Xüsusilə də, valideyn himayəsindən məhrum olmuş uşaqlar arasında stomatoloji problemlər daha çox rast gəlinir. Bunu nəzərə alan ATU-nun rəhbərliyi universitetin Stomatoloji Klinikasında kimsəsiz uşaqlar üçün xüsusi kampaniya təşkil edib.
Kampaniya çərçivəsində bu gün “Ümid yeri” uşaq sığınacağı və reabilitasiya mərkəzinin sakinlərinə ödənişsiz tibbi xidmət göstərilib. Stomatoloji Klinikanın direktoru Alqış Səfərovun sözlərinə görə, gün ərzində sığınacağın 25-dən çox sakini ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş diş kabinetlərində müayinə və müalicə olunublar: “Müayinə nəticəsində uşaqların əksəriyyətində kariyes boşluğu müəyyənləşdirilmişdir. Kiçik yaşlı uşaqlarda kariyes, pulpit, diş ərpi aşkarlanıb və müvafiq stomatoloji yardım göstərilib”.
A.Səfərov qeyd edir ki, uşaq evlərinin sakinlərində stomatoloji problemlər daha çox olur: “ Uşaqların ağız boşluğunda yaranmış gigiyenik problemlər adətən dişlərə düzgün qulluq edilməməsi ilə əlaqədar olur. Süd dişləri tökülənə qədər uşaqların dişləri ciddi həkim nəzarəti altında olmalıdır. Odur ki, ATU rəhbərliyi tərəfindən belə bir qərar verildi. Bu təşəbbüs uşaq evlərində qalan himayəsiz uşaqların sağlamlığının qorunmasına yönəlib”.
ATU-nun Stomatoloji Klinikası gələcəkdə digər uşaq evlərindən də müraciətləri qəbul etməyə hazırdır.