Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Stomatoloji Klinikasında tələbələr üçün “eCligner-diş sırasında olan əyriliklərin şəffaf koppalarla müalicəsi” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Tədbirin əvvəlində Klinikanın direktoru Alqış Səfərov çıxış edərək konfransın mövzusu haqqında məlumat verib. Onun sözlərinə görə, hazırda diş sırasında olan əyriliklərin şəffaf koppalarla müalicəsi stomatologiyanın ən müasir kəşflərindən biri sayılır. Bu metodla ağrısız və estetik cəhətdən daha gözəl formada diş əyriliklərini aradan qaldırmaq mümkün olur.
Daha sonra ATU-nun Stomatoloji Klinikasının həkim stomatoloqu Elnur Həsənli qeyd edilən mövzuda məruzə etdi. Qeyd olundu ki, bu metod ilk dəfə Cənubi Koreyada 1998-ci ildə tətbiq edilib. E.Həsənlinin sözlərinə görə, eCligner texnologiyası müasir stomatologiyada yeni bir mərhələ sayılır. Qeyd olundu ki, bu metod xüsusilə yeniyetmələr üçün əlverişlidir. Çünki metal breketlər, məftillər estetik baxımdan ağızda gözəl görünmür, bir sıra narahatlıqlar yaradır. Şəffaf koppalarla bağlı isə belə problemlər yaşanmır. Bu üsulla diş sırasında əyrilikləri həm qısa müddətdə, həm də estetik diskamfort yaratmadan aradan qaldırmaq mümkündür. Bu zaman şəffaf protezlərlə müalicə yumşaq şəkildə, mərhələli olaraq aparılır. Şəffaf koppalar çox nazik materialdan hazırlanır və hər kəsin ağız ölçüsü üçün fərdi olaraq hesablanır.
Konfransda eCligner texnologiyasını digər üstünlükləri, tətbiqi ilə bağlı məsələlər haqqında fikirlər səsləndirildi. Sonda həkim stomatoloq E.Həsənli konfrans iştirakçılarının suallarını cavablandırdı.