İtaliyanın Genuya Universitetinin professorları Azərbaycan Tibb Universitetinin qonağı olub. ATU-nun professor-müəllim heyəti ilə görüş zamanı təhsil müəssisələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.
Səfər zamanı professorlar Anjelo Musaio və Marco Frascio təmsil etdikləri universitetin tədris sistemi haqqında mühazirə oxuyublar. Bu zaman müasir dünyada təhsilin rolundan, dünya universitetləri arasında təhsil əlaqələrinin, təcrübə, müəllim-tələbə mübadiləsinin əhəmiyyətindən danışılıb.
Həmçinin, ATU ilə Genuya Universiteti arasında mövcud müqavilənin şərtləri də müzakirə olub. İtaliya tərəfinin nümayəndələri universitetlər arasında qarşılıqlı münasibətlərin daha da genişləndirilməsi, əlaqələrin digər istiqamətlərdə də inkişaf etdirilməsi təşəbbüsü ilə çıxış edib.
Səfər zamanı italyan mütəxəssislər həmçinin ATU-nun Tədris Cərrahiyyə Klinikasının tanış olublar, buradakı Tədqiqat bacarıqları laboratoriyasının işi ilə yaxından maraqlanıblar.
Qeyd edək ki, ATU ilə Genuya Universieti arasında TEMPUS proqramı çərçivəsində uğurlu əməkdaşlıq qurulub. İndiyə qədər layihə çərçivəsində Genuya Universiteti ilə birlikdə tədris proqramlarının keyfiyyətin yoxlanmasına dair bir sıra müzakirələr aparılıb. Ümumilikdə ATU Avropa Şurasının TEMPUS proqramı çərçivəsində 5 layihənin iştirakçısı olub.