Bu gün Azərbaycan Tibb Universitetində “Xoş gəldin Körpə” Ana-Uşaq Sağlamlığını Dəstəkləmə layihəsi çərçivəsində təlimlərə start verilib. Layihə Türkiyə Respublikası Başnazirlik Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən keçirilir.
Türkiyədən dəvət olunmuş təlimçi-mütəxəssislərin iştirakı ilə “Ana südü və əmizdirmənin əhəmiyyəti” mövzusunda təlim proqramında könüllülər iştirak edəcək. Dekabrın 30-dək davam edəcək təlimlərdə könüllülərə əhali arasında maarifləndirmə proqramında “əmizdirmə məsləhətçisi” qismində iştirak edə bilmək üçün məqsədilə bacarıqlar aşılanır.
Təlimlə yanaşı, həkim və tibb bacıları üçün “Neonatal reanimasya” mövzusunda təlim proqramı, yeni doğulan körpələr üçün eşitmə testi ilə bağlı təlimlər təşkil olunub.
“Xoş gəldin körpə” layihəsi çərçivəsində indiyədək bir çox tədbirlər baş tutub. Bu ilin mayında Bakıda Türkiyəli təlimçi mütəxəssislərin iştirakı ilə ana və uşaq sağlamlığına təhlükə yaradan irsi xəstəliklər mövzusunda həkim və tibb bacıları üçün təlim proqramı keçirilib.
Layihə çərçivəsində həmçinin “Elmin ən son yenilikləri işığında sonsuzluq probleminin həlli” mövzusunda konfrans, “Neonatal reanimasya” mövzusunda təlimlər reallaşdıb. Bundan əlavə, tibb bacıları və analar üçün “Ana südü və əmizdirmənin əhəmiyyəti” mövzusunda əmizdirmə məsləhətçiliyi təlim proqramı da keçirilib.
Qeyd edək ki, TİKA-nın dəstəyi ilə bu ilin sentyabrında Azərbaycandan 2 təlimçi həkim və 1 təlimçi mama-tibb bacısı üçün Türkiyədə “Neonatal reanimasiya” mövzusunda təlim proqramları təşkil olunub