Elnur İmanov: Uşaq dünyaya gələndən 18 yaşınadək periodik olaraq 5 dəfə ürək müayinəsindən keçməlidir
Elnur İmanov Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında invaziv uşaq kardioloqu kimi fəaliyyət göstərir. O, ABŞ-ın Pediatrik İnvaziv Kardiologiya Cəmiyyəti (PİCS), Avropa Pediatrik İnvaziv Kardiologiya Cəmiyyəti (CİS) və Türkiyə Kardiologiya Dərnəyinin üzvüdür. Əməkdaşımız “Qafqazinfo”ya müsahibəsində bir çox məqamlara toxunub.
- İnvaziv kardiologiya nədir?
- Sinə yarılmadan, bud arteriyası, yaxud boyun venalarından bədənə daxil olmaqla ürək içərisində apardığımız əməliyyatlardır. Söhbət qapalı ürək əməliyyatlarından gedir. Biz bıçaqdan istifadə etmədiyimiz üçün əməliyyatdan sonra bədəndə heç bir kəsik izi olmur. Uşağı görən kimsə onun ürək əməliyyatı keçirdiyini deyə bilməz. Onu da qeyd edim ki, bu texnologiyanı ölkəyə ilk dəfə biz gətirmişik. Ancaq artıq tələbələrim də müxtəlif klinikalarda bu əməliyyatı icra edirlər.
- Hansı ürək qüsurlarını əməliyyatsız bərpa etmək olar?
- Uşaqlarda anadangəlmə ürək qüsurlarının 30-40 faizini qapalı yolla bərpa edə bilirik. Belə bir şüarım var: “Mən artıq ürək qüsurlu deyiləm!” Bəli, dünənədək qüsurla yaşayan uşaq əməliyyatdan dərhal sonra artıq qüsurlu deyil.
- Ən sıx rast gəlinən anadangəlmə ürək qüsurlarından biri də mədəciklərarası çəpərin qüsurudur. Bunu da invaziv yolla aradan qaldırmaq olurmu?
- Əlbəttə! Uşaq mədəciklərarası çəpərdə qüsurla, el dili ilə desək, dəliklə doğulur. Qasıqdan daxil olmaqla və xüsusi bir avadanlıq vasitəsilə həmin dəliyi bağlayırıq. Bununla da problem aradan qalxır. Eyni üsulla qulaqcıqlararası çəpər qüsurunu da heç bir kəsik aparmadan, sırf qapalı yollarla bərpa edə bilirik.
- Dəliyi hansı vasitə ilə bağlayırsınız?
- Bu, xüsusi istehsal olunmuş, tor şəkilli, qapağa bənzəyən bir avadanlıqdır. Bütün dünyada bahalıdır. Çünki qızıldan da qiymətli materialdan hazırlanır. Heç bir əks təsiri yoxdur və qanla təmasda olduğu 6 ay müddətində ət toxumasına çevrilir.
- Qalıcılığı nə qədərdir?
- Ömürlük. Bəzi savadsız həkimlər insanları qorxudur, yalan məlumatlar yayaraq valideynləri qapalı ürək əməliyyatlarından yayındırmağa çalışırlar. Guya bu avadanlıq şüa yayır, uşağa narahatlıq verir. Amma tam yalan məlumatlardır. Əksinə, heç bir kəsik, travma olmadan həyata keçirilən ürək əməliyyatları uşaqlar üçün çox effektivdir.
- Açıq ürək əməliyyatından fərqli olaraq, invaziv yolla həyata keçirilən ürək əməliyyatlarının bir sıra çətinlikləri var. Bu əməliyyatın icrası bir kardioloqdan hansı bacarıqlar tələb edir?
- Çox böyük peşəkarlıq, bilik və özgüvən! Biz on addım qabağımızı görüb əməliyyata giririk ki, bir fəsad yaranarsa, dərhal müdaxilə edib aradan qaldıra bilək.
- Nə zaman uşaq kardioloquna müraciət etmək lazımdır?
- Uşaq dünyaya gələndən 18 yaşınadək periodik olaraq 5 dəfə ürək müayinəsindən keçməlidir. Çünki bəzi ürək qüsurları heç bir şikayət və əlamət vermir. Onu da qeyd edim ki, ürək qüsurları iki cür olur: çəhrayı və göy. Uşağın ağız kənarında göyərmə yaranırsa, bunu gözlə görə bilirik. Amma çəhrayı qüsur görünmür və gizli qalır. Onu yalnız müayinə zamanı aşkar edə bilirik.
- Uşağın əlləri tez-tez tərləyirsə, ürək qüsurundan xəbər verir?
- Bəli. Əllərin tərləməsi, hərəkət zamanı tez yorulmaq kimi hallar ürək qüsurunun əlamətlərindəndir. Valideyn diqqətli olmalı və bu kimi əlamətləri müşahidə edərsə, gecikmədən uşaq kardioloquna müraciət etməlidir.
- Exokardioqrafiyanın (EXO) uşağa bir zərəri varmı? Bəzi valideynlər bundan da ehtiyat edirlər.
- Qətiyyən. Mənə də bununla bağlı çox suallar verirlər. Bəzi valideynlər EXO-nun şüa verdiyini düşünürlər. Hətta uşağı ikinci dəfə EXO-ya yönəldəndə narahat olurlar ki, övladımıza zərəri olmaz ki? Amma əsassız məlumatlardır. Əgər belə olsaydı, ilk növbədə, illərlə EXO ilə işlədiyimiz üçün özümüz zərər görərdik. Ürək müayinəsi olduqca vacibdir. Məhz bu müayinələr zamanı qüsuru aşkar edə bilirik. Zamanında və doğru müalicə çox vacibdir.