Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdı. Sonradan sovet hakimiyyəti dövründə, təxminən 70 il ərzində xalqın qan yaddaşını silməyə aramsız cəhdlər göstərilsə də, bu, mümkün olmadı və nəhayət, həqiqət anı yetişdi.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Tibb Universitetinin Tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov bildirib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. İndi uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılır: “Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edildi”.
Nəsimi Rayon İH başçısının birinci müavini Gülarə Verdiyeva qeyd edib ki, azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsrin ən faciəli və dəhşətli səhifələrindəndir:
“Ermənilərin azərbaycanlılara qarşı soyqırımları XX əsrin sonlarında bir daha təkrarlandı. 1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Bu qanlı faciə yüzlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə nəticələndi. Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı avantürist hərəkətin nəticəsi olaraq bir milyondan artıq soydaşımız öz doğma yurd-yuvalarından didərgin salındı. Ərazimizin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid olub. Ulu öndər Heydər Əliyev həmin tarixi Fərmanında ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələləri diqqətə çatdırılır. Qeyd olunur ki, Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir.
Tarixin səhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpədən səhnələri üzə çıxır. Son vaxtlar məlumatların dəqiqləşdirilməsi istiqamətində axtarışlar genişləndirilir. Təkzibolunmaz arxiv sənədləri, soyqırımlarını təsdiqləyən çoxsaylı dəlil-sübutlar aşkarlanır.
Müasir gənclik güclü dövlət naminə obyektiv tariximizə etinasızlıq göstərməməli, tariximizi dəqiq öyrənməli və qonşularımızın kimlər olduğunu heç vaxt yaddan çıxarmamalıdır. Bu qiymətli tarixi sənədlər erməni xəyanətini, onların insanlığa, bəşəri dəyərlərə qarşı çevrilmiş eybəcərliklərini bütün dünya qarşısında ifşa etməyə imkan yaradıb. Beləliklə, azərbaycanlı müsəlmanlara qarşı genosidin tarixi mərhələlərini təhlil edərkən XX əsrdə Azərbaycan xalqının məruz qaldığı soyqırımı siyasəti bizə yaşadığımız acı tarixdən ibrət alaraq hadisələrə tarixi, siyasi və hüquqi qiymət verilməsi üçün mübarizə aparmaq və gələcəyi bu gündən düşünməyə vadar etməkdədir”.
Sonra çıxış edən ATU-nun professoru, Nəsimi rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinski bildirib ki, əzəli Azərbaycan torpaqlarında məskunlaşaraq burada özlərinə dövlət quran ermənilər tarixboyu xalqımıza qarşı xəyanətlərə əl atıblar. Onlar uydurduqları “böyük Ermənistan” mifinin əsirinə çevrilib və bu mifi reallaşdırmaq üçün ən çirkin vasitələrə əl atmaqdan belə çəkinməyiblər. Bir etnos olaraq tarixlərini saxtakarlıqla yazan, maddi və mədəniyyət abidələrimizi, mətbəximizi mənimsəyib öz adlarına çıxmağa çalışan ermənilər, eyni zamanda zaman-zaman azərbaycanlılara qarşı misli görünməyən vəhşiliklər, qətliamlar, vandalizm əməlləri, soyqırımları törədiblər. Təkcə XX əsrdə xalqımız dörd dəfə - 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə ermənilər tərəfindən soyqırımı və etnik təmizləmələrə məruz qalıb. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirib, 10 minlərlə insanı öz torpaqlarından qovub. Erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirib, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırıb, memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıdıblar. Üç gün davam edən qırğında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak edib.
Azərbaycan Tibb Universitetinin İctimai fənlər kafedrasının müdiri, professor Qoşqar Əliyev çıxışında bildirib ki, “Böyük Ermənistan” yaratmaq xülyasında olan ermənilər 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçiriblər. 1918-ci ilin mart ayında əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub.
Sonra Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov çıxış edərək deyib ki, tarixi proseslərin gedişi Ermənistan dövlətinin və erməni lobbisinin təcavüzkar siyasətinin iflasa məhkum olduğunu sübut etməkdədir: “Böyük Ermənistan” xülyası gerçəkləşməyib. Artıq həm hərb, həm də siyasi arenada uzaqgörən liderimiz, mübariz xalqımız, rəşadətli ordumuz ermənilərə layiq olduğu cavabı verib. Güclü Azərbaycan dövləti indən sonra da tarixi torpaqlarına göz dikən, xalqımıza qarşı yönələn bütün təhdidlərə cavabını verəcək”.
Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin canlı şahidi olduğunu qeyd edərək, Ali Baş Komandanın uğurlu siyasəti nəticəsində Vətən müharibəsində qazanılan möhtəşəm qələbəmizin bir daha Azərbaycanın dəmir yumruğunun qarşısında heç bir gücün, silah-sursatın dayana bilməyəcəyini hər kəsə göstərdiyini vurğulayıb.
Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb.