1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş həmin gecədən düz 25 il keçir.
Qarabağa qarşı ərazi iddialarını irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərinə etiraz edən millətimiz 1990-cı ilin 20 yanvarında Bakının küçə və meydanlarına çıxdı. Geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi faciəyə gətirib çıxardı. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 134 mülki vətəndaş öldürüldü, 600-dən çox insan yaralandı, 800-dən çox adam isə qanunsuz həbs edildi. Öldürülənlər arasında beş millətin nümayəndələri, o cümlədən yetkinlik yaşına çatmayan uşaqlar, qadınlar, qocalar, şikəstlər də var idi.
18 yanvar 1992-ci ildə Ali Sovetdə 1990-cı ilin 20 Yanvar hadisələri ilə bağlı yaradılmış parlament komissiyasının hesabatı dinlənildi. Parlamentin qəbul etdiyi qərarda 20 Yanvar faciəsi, SSRİ-nin ali hakimiyyət orqanlarının Azərbaycan xalqına və insanlığa qarşı ağır cinayəti kimi qiymətləndirildi. 1994-cü ildə qanlı yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edildi.
Artıq 25 ildir ki, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız 20 yanvar- Ümumxalq hüzn gününü faciə qurbanlarının xatirəsini yad etməklə qeyd edir. 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş müxtəlif tədbirlər - konfrans və dəyirmi masalar keçirilir, fotosərgilər, sənədli film nümayişləri təşkil edilir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!