Rektor Əhliman Əmiraslanov: “Bu gün ağlamamalıyıq”
Bu gün Azərbaycan Tibb Universitetində 20 yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə ATU-nun 3 saylı tədris binasının qarşısında 20 yanvar faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş abidənin açılışı baş tutub. Tibb Universitetinin professor-müəllim heyəti və tələbələri ölkəmizin azadlığı uğrunda canlarından keçən insanların xatirəsini ehtiramla yad edib, abidə önünə gül dəstələri qoyublar.
Daha sonra toplantının rəsmi hissəsində ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov giriş sözü ilə çıxış edərək 20 Yanvar faciəsinin dəhşətlərini yada salaraq həmin gün Azərbaycan xalqının cəsarətli övladlarının göstərdiyi şücaətləri xatırladıb: “Hətta qadınlarımız öz vətənlərini qorumaq üçün təpədən-dırnağa qədər silahlanmış ordunun qarşısına əliyalın çıxmışdılar. Odur ki, bu günü ağlamamalıyıq. Çünki, 20 Yanvar bizim tariximizə faciə ilə yanaşı, həm də igidlik, qəhrəmanlıq səhifəsi kimi daxil olub. Xalqımız öz qanı bahasına azadlığına qovuşub”.
Akademik Ə.Əmiraslanov tarixə ekskurs edərək həmin dövrdə sovet mediasının 20 Yanvarla bağlı tamamilə yanlış məlumatlar yaydığını qeyd etdi: “Baş verənlər gizlədilirdi, deyirdilər ki, çox az sayda itki var. Yalnız ümummilli lider Heydər Əliyevin sayəsində dünya bu faciədən xəbər tutdu. H.Əliyev riskə gedərək Moskvada keçirdiyi mətbuat konfransında dünyanın nüfuzlu xəbər agentliklərinə bu haqda məlumat verdi”.
ATU rektoru, Milli Məclisın üzvü Ə.Əmiraslanov ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvara hüquqi-siyasi qiymət verildiyini xatırladaraq bu qanlı hadisənin heç zaman unudulmayacağını bildirib. O, hazırda ümummilli liderin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinin problemlərinin dövlət səviyyəsində həll olunması istiqamətində mühüm qərarlar qəbul olunduğunu da qeyd etdi. Sonra Səhiyyə Nazirinin müavini Abbas Vəlibəyov, Milli Məclisin üzvü, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət Həsənova çıxış edərək 20 Yanvar hadisələrini doğuran səbəblər, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsi, faciədən öncəki və sonrakı günlərdə baş verənlər barədə söz açıblar.
Daha sonra ATU-nun Ümumi cərrahiyyə kafedrasının müdiri, professor Çərkəz Cəfərov, ATU-nun I daxili xəstəliklər və reanimatologiya kafedrasının müdiri, professor İsfəndiyar İsmayılov, həmçinin 20 yanvar faciəsində sağlamlığını itirən II qrup əlilin övladı, hazırda ATU-nun II müalicə-profilaktika fakültəsinin I kurs tələbəsi Nicat Rzayev çıxış ediblər. Həmin gecə törədilən hadisələr Azərbaycan xalqına qarşı həyata keçirilən vandalizm, terror aktı insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi qiymətləndirilib.