Yanvarın 23-də Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında Tibbi Şuranın genişləndirilmiş toplantısı keçirildi. İclasda əvvəlcə klinikanın müalicə diaqnostik fəaliyyətinin yekunları haqqında hesabat dinlənildi.
Klinikanın direktoru, professor Surxay Musayev toplantının gündəliyi haqqında məlumat verərək ötən il ərzində klinikanın fəaliyyətini uğurlu qiymətləndirdi. S.Musayevin sözlərinə görə, 2014-cü ildə Tədris Terapevtik Klinikanın əhali arasında populyarlığı artıb, il ərzində Azərbaycanın bütün bölgələrindən bura müraciət edənlər olub.
Daha sonra klinikanın baş həkimi dosent Ramin Bayramlı tədbir iştirakçılarını Tədris-Terapevtik Klinikanın (TTK) bir illik fəaliyyəti ilə tanış etdi. Qeyd olundu ki, ümumilikdə 2014-cü ildə Klinikanın bütün istiqamətlərdə fəaliyyəti uğurlu olub.
TTK-da universitet kafedralarının 249 nəfər əməkdaşı, klinikanın özünün isə 221 nəfər əməkdaşı var. 2014-cü ildə ATU rektoru Əhliman Əmiraslanovun əmrinə əsasən klinikadakı şöbələrin ixtisaslaşması həyata keçirilib, terapiya şöbələrinin bazasında bir neçə yeni şöbə - endokrinologiya, kardiologiya, revmatologiya, qastroenterologiya, pulmonologiya-allerqologiya, nefrologiya, hematologiya və ümumi terapiya şöbələri yaradılıb. Xəstə qəbul xidmətində iş sistemi dəyişib.
Hesabata görə, TTK-da göstərilən tibbi xidmətin bir istiqaməti poliklinik tibbi xidmətlə əlaqədardır. Burada laborator, kardioloji, radioloji, qan bankı xidməti, peyvənd xidməti və digər xidmətlər mövcuddur.
İl ərzində əhaliyə göstərilən tibbi xidmət konsultativ, diaqnostik və stasionar istiqamətdə olub. Bu müddət ərzində klinikada demək olar bütün profilli xəstələr müalicə alıblar. Ambulator qəbulda 31 mindən çox pasiyent poliklinik yardım alıb. 2013-cü ilə nisbətən bu göstəricidə 14 faiz artım müşahidə olunub. Bu rəqəm həm də ölkədəki digər klinikalarla müqayisədə yüksəkdir. Hesabata görə, kllinikanın laboratoriyalarına bir il ərzində müraciətlərin sayında əvvəlki illə müqayisədə 70 faiz artım olub. Ümumiyyətlə, TTK-nın bütün şöbələrinə müraciət edənlərin sayında artım müşahidə olunub.
Yeniliklərə gəlincə, laboratoriyalarda soyuducu depo prinsipi əsasında reaktivlərin saxlanılmasına başlanılıb. Həmçinin, depoya və keyfiyyətə nəzarət proqramları tətbiq olunmağa başlayıb.
Ötən il həm də Klinikada Ürək Damar Mərkəzi yaradılma prosesi başa çatdırılıb. Bu, Azərbaycanda kardioloji xidmətlərin hamısının bir arada göstərildiyi yeganə mərkəzdir.
2014-cü ildə ATU-nun tarixində ilk dəfə olaraq Tədris-Terapevtik Klinikada hematalogiya şöbəsi qurulub. Bu şöbənin fəaliyyəti klinikada Qan Bankının da yaradılmasını zəruri etdiyindən, bununla əlaqədar Səhiyyə Nazirliyinə müraciət olunub. Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovun səyləri, hökumətin diqqəti sayəsində bu məsələ müsbət həll olunub. Bu mərkəz ən müasir cihazlarla təchiz edilib, burada həm infeksiyaların yoxlanılması, həm də digər göstəricilərə görə yüksək keyfiyyətli qan və qan məhsulları hazırlanıb. Bu şöbə üçün zəruri cihazlar birbaşa istehsalçının özündən alınıb.
Ötən il həm də Tədris-Terapevtik Klinikada peyvənd otağı fəaliyyətə başlayıb və artıq 128 nəfərə peyvəndləmə aparılıb.
2014-cü ildə TTK-da sığortalarla iş istiqamətində də ciddi dönüş olub. Klinika tərəfindən sığortalı xəstələrin qəbulu ilə əlaqədar əksər nüfuzlu şirkətlərlə müqavilə imzalanıb.
Ötən il ərzində həm də elektron klinika sahəsində islahatlar davam etdirilib. Xəstəlik tarixçələrinin elektron formada tərtibi daha da təkmilləşdirilib. İl ərzində klinikada ambulator qəbul da elektronlaşdırılmışdır.
İclasda o da qeyd olundu ki, il ərzində TTK-da ölkənin tanınmış ictimai xadimləri müalicə alıb. Hətta ölkəmizdə fəaliyyət göstərən əcnəbi diplomatlar da klinikaya müraciət ediblər. Bundan əlavə, Azərbaycanın iri xəstəxanalarından klinikaya köçürülən xəstələrin əksəriyyəti şəfa taparaq evə yazılıb.
Hesabata görə, 2014-cü ildə TTK-da elmi və tədris fəaliyyəti də yüksək səviyyədə davam etdirilib. Klinikanın Tibbi Treninq Mərkəzində rezidentlərin cəlb olunması ilə xidmət göstərilib. 2014-cü ildə 58 nəfər rezidentlərin sıralarına daxil olub. Bu il artıq müxtəlif ixtisaslar üzrə rezidentlər məzun olublar. İl ərzində rezidentlər ambulator və stasionar müalicəyə aktiv cəlb olunublar. Eyni zamanda, rezidentlər üçün mütəmadi olaraq seminarlar təşkil olunur.
TTK ölkədə internet istifadəçiləri arasında populyar olan sosial şəbəkələrdə təmsil olunur. Klinikanın Facebook-dakı rəsmi səhifəsində 18 minə yaxın izləyicisi var. Səhifə istifadəçilərinə vaxtaşırı klinikanın əməkdaşları və şöbələri haqqında məlumatlar verilir. TTK-nın Youtube səhifəsində isə klinikanın aparıcı mütəxəssislərinin iştirak etdiyi televiziya verilişlərini izləmək mümkündür.
Toplantıda klinikanın işində qarşıda duran planlardan da söz açıldı. Verilən məlumata görə, bu il bütün istiqamətlə yeniliklər gözlənilir. Bir neçə ay ərzində artıq klinikada sümük iliyinin transplantasiyası üzrə əməliyyat gerçəkləşdiriləcək. Yaxın müddətdə periton dializinin həyata keçirilməsi də gözlənilir.
Hesabatdan sonra çıxış edən prorektorlar professor Sabir Əliyev və professor İbrahim İsayev klinikada tədris prosesinin və elmi tədqiqat işlərinin yüksək səviyyədə quulmasının qarşıya qoyulan əsas məqsəd olduğunu bildirdi. Onlar hazırda klinikada bunun üçün kifayət qədər şərait yaradıldığını da bildirdi.
Toplantının ikinci hissəsində yaz semestri üçün qarşıda duran məsələlər, bu istiqamətdə görüləcək işlər də müzakirə olundu. 2015-ci ildə klinikanın daha çox tanınması, reytinqinin daha da yüksəldilməsi, yüksək ixtisaslı kadrların hazırlanması işinin daha da effektiv aparılması üçün təkliflər səsləndirildi.
Klinikanın direktoru professor Surxay Musayev Tibbi Şuranın iclasına yekun vuraraq qeyd etdi ki, Klinikamız nəinki Azərbaycanda, hətta ölkəmizdə yaşayıb işləyən xarici vətəndaşlar tərəfindən də yüksək qiymətləndirilib. Türkiyənin, Almaniyanın ən məşhur klinikalarında tanınmış alimlərin yanında müayinələrdən keçən insanlar sonradan bizim klinikada eyni səviyyəli xidməti görəndə, təəccüblərini gizlədə bilməyiblər.
S.Musayev əldə olunan uğurlarda ATU rektoru, akademik Əhliman Əmiraslanovun böyük zəhmətinin olduğunu vurğuladı: “Rektor tərəfinfdən klinikamızın təminatı və təchizatı üçün ciddi qayğı görümüşük. Biz də bu qayğıdan tədris və müalicə işinin yüksəldilməsi üçün faydalanırıq. Mən hörmətli Əhliman Əmiraslanova, həmçinin bizim müraciətlərimizi müsbət qarşılayan ölkə rəhbərliyinə bu diqqətə görə təşəkkür edirəm”.