Bu gün Azərbaycan Tibb Universitetində 6-cı Uroonkoloji qış konqresi işə başlayıb. Türkiyə və Azərbaycan Səhiyyə Nazirlikləri, Azərbaycan Tibb Universiteti və Milli Onkologiya Mərkəzinin dəstəyi ilə keçirilən bu toplantıda mötəbər qonaqlar, yerli və xarici mütəxəssislər iştirak edir.
Açılış mərasimində çıxış edən ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov uroonkologiya üzrə növbəti konqresin Bakıda keçirilməsindən məmnunluq duyduğunu qeyd edərək bildirdi ki, bu konqres son illər Azərbaycanda keçirilən elmi konfranslar arasında xarici qonaqların sayının çoxluğuna görə seçilir. Onun sözlərinə görə, bu cür konqreslər Azərbaycan səhiyyəsində son illərdə əldə olunan nailiyyətləri paylaşmağa, həm də təcrübə mübadiləsi aparmağa imkan verir. Ə.Əmiraslanov ölkəmizdə bütün sahələrdə olduğu kimi uroonkologiya sahəsində də ciddi irəliləyişlər olduğunu bildirdi. Çıxışının sonunda rektor konqres iştirakçılarına uğurlar dilədi.
Sonra Səhiyyə nazirinin müavini Elsevər Ağayev, Türkiyə Cümhuriyyətinin səhiyyə nazirliyinin təmsilçisi Eyüp Gümüş, Avrasiya Uroonkoloji dərnəyinin həmsədri Prof. Dr. Ali İhsan Taşçı, Türkiyənin Azərbaycandakı səfiri Alper Coşğun, İstanbul Universitetinin rektoru Prof. Dr. Yunus Söylet və digər mötəbər qonaqlar çıxış edərək belə möhtəşəm tədbirin Azərbaycanda keçirilməsindən məmnun olduqlarını, uroonkologiya sahəsində dünyaca məşhur mütəxəssislərin təcrübə mübadiləsinin inkişafa səbəb olacağını vurğulayaraq konfransın işinə uşurlar arzuladılar.
Amerika, Avropa və Asiya ölkələrindən 300-ə qədər , Azərbaycandan isə 200-ə yaxın iştirakçının toplandığı konqresdə 150-dən çox məruzə dinləniləcək. Ümumilikdə konqres zamanı 130-dan çox poster, 20-dən çox video təqdimatlar keçiriləcək.
Konqres zamanı böyrək, sidik kisəsi, prostat vəzi və xayaların onkoloji xəstəliklərində yeni yanaşma protokolları, endoskopik, laporoskopik, transrektal və robotik cərrahiyyənin yeni metodları və ən son nailiyyətləri ilə bağlı çıxışlar səsləndiriləcək. 6 iclas salonunda paralel sessiyalar təşkil olunacaq. Aparılan elmi müzakirələrlə yanaşı Tədris Cərrahiyyə Klinikasının Tədris Treninq Mərkəzində endoskopik əməliyyatlar və digər praktiki məşğələ kursları təşkil olunacaq.
Konqres yanvarın 31-dək davam edəcək.
Xatırladaq ki, bundan əvvəl Uroonkoloji konqreslər İstanbulda və daha sonra Uludağ, Girne, Antakya və Üsküpdə keçirilib.