Bu gün Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov Türkiyənin üç tanınmış ali təhsil ocağının rəhbərləri - İstanbul Universitetinin rektoru, prof.dr. Yunus Söylet, İstanbul Medeniyet Universitetinin rektoru, prof.dr. İhsan Karaman və Medipol Universitetinin rektoru, prof.dr. Sabahattin Aydın ilə görüşüb.
Görüşdə millət vəkili, akademik Əhliman Əmiaslanov rəhbərlik etdiyi universitetin fəaliyyəti, buradakı mövcud təhsil və tədris prosesi haqqında qonaqlara ətraflı məlumat verib. Rektor ATU-nun nəzdində yaradılan klinikaların son model texnoloji avadanlıqlarla təchiz edildiyini, burada yüksək ixtisaslı kadrların əhaliyə tibbi xidmət göstərdiyini vurğulayıb. Ə.Əmiraslanov klinikalarda tibbi xidmətlə yanaşı, tədris prosesinin də uğurla aparıldığını söyləyib.
Rektor hazırda ATU-da 1000-dən çox əcnəbi tələbənin təhsil aldığını, onlar arasında Türkiyədən olan tələbələrin üstünlük təşkil etdiyini bildirdi. ATU-da tələbələrin, rezidentlərin və doktorantların bilik və bacarıqlarını artırması üçün hər cür şərait yaradıldığını qeyd edən Ə.Əmiraslanov, ümumiyyətlə ölkəmizdə son illər səhiyyə, insanların sağlamlıqlarının müdafiəsi sahəsində görülən işlərdən, nailiyyətlərdən də söz açdı.
Öz növbəsində türkiyəli professorlar da təmsil etdikləri universitetlər barəsində məlumat verdilər. Qeyd olundu ki, İstanbul Universitetinin 60 mindən çox tələbəsi var. Əsası 1453-cü ildə qoyulan bu ali təhsil müəssisəsinin 20 fakültəsi var. İstanbul Medeniyet Universiteti 11 fakültə, 2 Yüksekokul və 4 institutdan təşkil olunub. Medipol Universitetinin nəzdində isə akademik kadrların da yer aldığı iri xəstəxana fəaliyyət göstərir.
Görüşün sonunda ATU ilə Türkiyə universitetləri - İstanbul Universiteti və Medipol Universitetləri arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqavilə 3 ali təhsil ocağı arasında tələbə, rezident, müəllim mübadiləsi və digər sahələrdə əməkdaşlığın möhkəmləndirilməsini nəzərdə tutur.