Rəhbər heyətin mülki müdafiə məşqi keçirilib

 

Azərbaycan Tibb Universitetinin 2023-cü il üçün mülki müdafiə üzrə tədbirlər planına uyğun olaraq, mayın 19-da universitetin inzibati binasında rəhbər heyətin “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda məşqi keçirilib. 

Mülki müdafiə qərargahının rəisi Ramiz Əliyev universitetdə mülki müdafiə hazırlığının vəziyyəti barədə geniş məlumat verib, inzibati binanın təxliyyə xəritəsi üzərində məşqin gedişini izah edib, eyni zamanda məşqin planının məzmununu diqqətə çatdırıb. 

Məşqə rəhbər heyət, fövqəladə hallar komissiyası, mülki müdafiə qərargahı və hərbiləşdirilməmiş MM qüvvələrinin komandir-rəis heyəti cəlb olunub.

Mülki müdafiə məşqi universitetin rəhbər, komandir-rəis heyətini fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılmasına yönəldib. Əsas məqsəd mülki müdafiə orqan və qüvvələrinin idarəedilməsinin təşkili, mülki müdafiə planının reallığının yoxlanılması, universitetin fövqəladə hadisələrdə hazırlıq səviyyəsinin müəyyən edilməsi olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin qüvvələri gələnə qədər universitetin daxilində yaradılan mülki müdafiə qüvvələrinin - rabitə və xəbərdarlıq, mühəndis-kəşfiyyat, xilasedicilər, yanğınsöndürənlər, sanitar, qəza-bərpa və ictimai asayişi mühafizə manqalarının üzərinə düşən vəzifələrdən danışılıb. Qeyd olunub ki, əhalinin mülki müdafiəyə hazırlanmasında təlimlərin, məşqlərin böyük əhəmiyyəti var. Ekstremal hallarda necə hərəkət etmək yolları və üsulları işçilərə əyani surətdə göstərilir, mülki müdafiə rəhbərləri idarəetmə vərdişləri qazanırlar.

Təlim məşqi zamanı müharibə şəraitində mülki müdafiə qüvvələrinin fəaliyyətinə xüsusi önəm verildiyi vurğulanıb. Bildirilib ki, raket və artilleriya zərbələrindən qorunmaq üçün xüsusi zirzəmilər, sığınacaqlar açmaq, mülki əhalinin tibbi yardım, ərzaq, içməli su ilə təchizatı, yaralıların evakuasiyasına yardım göstərmək, sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamaq zəruridir.

Tədbirdə ATU-nun prorektorları, mülki müdafiə qüvvələrinin komandir-rəis heyəti, Nəsimi rayonu üzrə Fövqəladə hallar və mülki müdafiə şöbəsinin rəisi, polkovnik-leytenant Anar Seyidməmmədov, baş zabitlər - mayor Elgiz Paniyev, kapitan Akim Həsənov iştirak ediblər.