Bu gün Azərbaycan Tibb Universitetində (ATU) “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin tədbiri keçirildi.
ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elşad Novruzovun təşəbbüsü ilə baş tutan təqdimat mərasimində öncə “Bakı-2015” birinci Avropa Oyunlarını əks etdirən video-çarx izlənildi.
ATU-nun tədris işləri üzrə prorektoru Sabir Əliyev tədbirdə çıxış edərək, “Bakı-2015” birinci Avropa Oyunlarının önəmindən bəhs etdi. O bildirdi ki, bu oyunların Bakıda keçirilməsi üçün hazırlıq işləri uğurla davam edir:
"Bu tədbir ilk Avropa Oyunları barədə məlumatın ictimaiyyətə çatdırılması istiqamətində əhəmiyyət kəsb edib. Ümumiyyətlə, idman sahəsində ölkəmizin qazandığı uğurlar, xüsusən də son illərdəki uğurlarımız Avropa Oyunlarının Bakıda keçirilməsinə əsas verir".
S.Əliyev Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın yarışların yüksək səviyyədə keçirilməsinə göstərdikləri dəstəyi xüsusi vurğuladı. Yarışların keçirilməsi üçün yeni tikilən və bərpa olunan idman kompleksləri, idmançılar üçün yaradılmış şərait, Olimpiya şəhərciyi, KİV-lər üçün nəzərdə tutulmuş media mərkəzi və s.-dən söz açdı.
Daha sonra Avropa Oyunları Əməliyyat Komitəsinin üzvlərindən olan Nəsimi Sadıqzadə “Bakı-2015” birinci Avropa Oyunları barədə ətraflı məlumat verdi. Komitənin digər üzvləri də söz alaraq, qurumun missiyası və test yarışları haqqında danışdılar.
Bildirildi ki, bu ilin 12-28 iyununda Bakıda baş tutacaq birinci Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək. 17 gün ərzində davam edəcək mötəbər tədbirdə Avropadan olan 6 mindən çox idmançı sülh, ədalət, dostluq və birlik prinsipləri əsasında yarışacaq.