Fevralın 13-də ATU-nun Tədris Terapevtik Klinikasında “Autoimmun xəstəliklərin laborator diaqnostikası” mövzusunda elmi-praktik seminar keçirilib. Seminarı giriş sözü ilə açan klinikanın direktoru, professor Surxay Musayev tədbirə universitet əməkdaşları ilə yanaşı digər müalicə müəssisələrində çalışan mütəxəssislərin də qatıldığını vurğulayıb. Bildirib ki, bunun səbəbi çox sadədir və harada işləməsindən asılı olmayaraq məzunlarımızın Azərbaycan Tibb Universitetini özlərinin doğma evi hesab etməsi təbiidir. O, son dövrlərdə rəhbərlik etdiyi klinikada ən müasir müalicə üsullarının tətbiqi və yeni şöbələrin yaradılması barədə də seminar iştirakçılarına məlumat verib.
Bundan sonra klinikada xarici ölkə alimlərinin iştirakı ilə tez-tez seminar və konfransların təşkil olunduğunu deyən S.Musayev bugünkü elmi-praktik seminarda da aktual bir mövzunun müzakirəyə çıxarıldığını diqqətə çatdırıb və seminarın təşkilinə göstərdiyi dəstəyə görə “ALBATROS” şirkətinin rəhbəri Anar Ağalarova təşəkkürünü bildirib. Eyni zamanda Almaniyanın Brandenburq Universitetinin Molekulyar Diaqnostika kafedrasının professoru Dr. Dirk Roqqenbuku universitetimizdə görməkdən məmnunluğunu dilə gətirərək seminarın işinə uğurlar arzulayıb.
Professor Dirk Roqqenbukun 4 istiqaməti—“Revmatoid artritlər zamanı anticisim profili”, “Autoimmun xəstəliklərinin müasir seroloji diaqnostikası”, “Bağırsaqların iltihabı xəstəliklərinin təyini üçün yeni autoimmun markerlər” və “DNT zədələnmələrinin təyini üçün ilk rəqəmsal avtomatlaşdırılmış flüoressensiya metodu AKLIDES”—əhatə edən məruzəsi böyük maraqla dinlənilib.
Sonda seminarın yüksək səviyyədə təşkil olunduğunu söyləyərək universitet və klinika rəhbərliyinə minnətdarlığını çatdıran məruzəçi mövzu üzrə sualları cavablandırıb.