Dövlət Attestasiya Komissiyasının fakültələr üzrə sədrləri Böyük Elmi Şurada hesabat verib
İyunun 25-də Azərbaycan Tibb Universitetinin Böyük Elmi Şurası 2022/2023-cü tədris ilində sonuncu iclasını keçirib. Tədbiri giriş nitqi ilə açan ATU-nun rektoru, professor Gəray Gəraybəyli toplantı iştirakçılarını 26 İyun – Silahlı Qüvvələr Günü və Qurban bayramı münasibətilə təbrik edib. 44 günlük Vətən müharibəsində torpaqlarımızı şanlı Zəfərlə işğaldan azad edən Milli Ordumuzun ötən dövrdə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin apardığı siyasət nəticəsində daha da gücləndiyini nəzərə çatdırıb.
Rektor bildirib ki, yaxın günlərdə Azərbaycanın tibb ictimaiyyətinə ağır itki üz verib. Belə ki, ATU-nun II Uşaq xəstəlikləri kafedrasının professoru Amaliya Əyyubova və I Uşaq xəstəlikləri kafedrasının müdiri, professor Səfixan Həsənov dünyasını dəyişiblər.
Şura üzvləri ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanlarımızın və hər iki alimin xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra rektor gündəlikdə duran məsələləri diqqətə çatdırıb. O, əlavə edib ki, artıq Buraxılış Dövlət İmtahanları sona çatıb və bu tədris ili üzrə Dövlət Attestasiya Komissiyası da öz işini başa vurub. Dövlət Attestasiya Komissiyasının fakültələr üzrə sədrləri və üzvləri Buraxılış Dövlət İmtahanları zamanı apardıqları işin nəticələri haqqında hesabat vermək üçün Böyük Elmi Şuranın iclasına dəvət olunublar.
Bundan sonra komissiyanın fakültələr üzrə sədrlərinin hesabatları dinlənilib və gənc mütəxəssislərin hazırlanması işinin yaxşılaşdırılmasında universitet kollektivinin vəzifələri müzakirə olunub. Dövlət Attestasiya Komissiyasının I Müalicə-profilaktika fakültəsi üzrə sədri - Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun dirеktoru, t.е.d., professor Cəmilə Qurbanova, II Müalicə-profilaktika fakültəsi üzrə sədr - Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini, t.е.d. Fuad Quliyev, İctimai səhiyyə fakültəsi üzrə sədr - Milli Onkologiya Mərkəzinin baş direktorunun elmi işlər üzrə müavini, t.ü.е.d., professor Murad Məmmədov, Stomatologiya fakültəsi üzrə sədr - Ə.Əliyеv аdınа Аzərbаycаn Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Stomаtologiyа və üz-çənə cərrаhiyyəsi kаfеdrаsının dosenti, t.ü.f.d. Lalə Quliyeva, Əczaçılıq fakültəsində bakalavr mərhələsi üzrə sədr – “Zeytun pharmaceuticals” məhdud məsuliyyətli cəmiyyətin baş mütəxəssisi, b.e.n. Rüstəm Rüstəmbəyov hesabat məruzəsi ilə çıxış ediblər. Bundan başqa, Hərbi tibb fakültəsi üzrə sədr – Milli Müdafiə Universiteti rektorunun tədris işləri üzrə müavini, polkovnik Arzu İsmayılov Buraxılış Dövlət İmtahanları haqqında ətraflı məlumat verib.
Fakültələr üzrə sədrlər hesabat məruzələrində qeyd ediblər ki, bir sıra ixtisaslar üzrə Əczaçılıq fakültəsində buraxılış işinin müdafiəsi, I və II Müalicə-profilaktika, İctimai səhiyyə, Stomаtologiyа və Hərbi tibb fakültələrində Yekun Dövlət Attestasiyası mövcud Əsasnaməyə uyğun olaraq problemsiz, şəffaf şəkildə aparılıb və burada nəzərdə tutulan qaydalara tam əməl edilib. Bildirilib ki, bu il buraxılış imtahanları əvvəlki illərdə olduğu kimi, yüksək səviyyədə baş tutub və tələbələr obyektivlik şəraitində yüksək bilik nümayiş etdiriblər. İmtahanların rahat və şəffaf aparılması üçün yaradılan şəraitə görə universitetin rəhbərliyinə, şəxsən ATU-nun rektoru, professor Gəray Gəraybəyliyə təşəkkürlərini bildirən Dövlət Attestasiya Komissiyasının fakültələr üzrə sədrləri, eyni zamanda fakültə dekanlarının da imtahan prosesindəki aktiv fəaliyyətlərini yüksək qiymətləndiriblər. Onlar imtahanların gedişi zamanı heç bir neqativ hadisənin, eləcə də heç bir əsassız narazılığın baş vermədiyini diqqətə çatdırıblar.
Hesabat çıxışlarına yekun vuran rektor Gəray Gəraybəyli fakültələr üzrə sədrlərə imtahanları uğurla başa çatdırdıqları üçün minnətdarlığını bildirib.
Bundan sonra universitetin Tədris hissə müdiri, dosent Kamandar Yaqubovun təqdim etdiyi 2023/2024-cü tədris ili üzrə tədris planı və ATU-nun Elmi katibi, professor Nazim Pənahovun 2023/2024-cü il üzrə təqdim etdiyi iş planı toplantı iştirakçılarının diqqətinə çatdırılıb və gündəliyə çıxarılan hər iki plan Şura üzvləri tərəfindən təsdiqlənib.
Daha sonra gündəlikdə olan digər məsələlərin müzakirəsinə başlanılıb. 2023/2024-cü tədris ilindən etibarən “Xarici tələbələrlə iş üzrə dekanlığ”ın adının dəyişdirilərək “Əcnəbi təhsilalanlarla iş üzrə dekanlıq” adlandırılması təklifinə ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev aydınlıq gətirdikdən sonra Şura üzvləri tərəfindən səsə qoyularaq təsdiq olunub.
Bundan başqa, ATU-da professor-müəllim heyətinin və seçkilərdə iştirak edən universitetdən kənar şəxslərin Tibb və sağlamlıq elmləri təhsili kafedrasında təlim keçməsi, eləcə də universitetin Tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyovun təqdim etdiyi ATU-nun intizam tənbehlərinin sırasına əlavələrin edilməsi barədə təklifi də Şura tərəfindən təsdiqlənib.
Türkiyə vətəndaşı Cerən Evcen Canbaxışovanın təhsil haqqına müstəsna hal kimi güzəşt olunmasına razılıq verən Elmi Şura, 519A3b qrup tələbəsi, Türkiyə vətəndaşı İlhan Keklik üçün təhsil haqqını ödəmək şərtilə 1 nəfərdən ibarət qrupun açılması müraciətinə də münasibət bildirib.
Müxtəlif məsələlərin müzakirəsini davam etdirən Elmi Şura II Müalicə-profilaktika fakültəsinin ikinci ali təhsil alan II kurs, 221A-14b qrup tələbələrinə yeni tədris ilində “Azərbaycan tarixi” və “Fəlsəfə”, eləcə də Stomatologiya fakültəsinin ikinci ali təhsil alan tələbələrinə “Azərbaycan tarixi”, “Biofizika” və “Üzvi kimya” fənlərinin ödənişsiz əsaslarla tədris olunmasına səs verib. Əməkdaşların xarici ölkələrə səfərləri zamanı “international.amu.edu.az” saytı üzərindən qeydiyyatın aparılmasına da münasibət bildirən Elmi Şura 2022/2023-cü tədris ilində son iclasını başa çatdırıb.
Toplantıya yekun vuran rektor, professor Gəray Gəraybəyli Dövlət Attestasiya Komissiyasının fakültələr üzrə sədrlərini ATU-nun iyulun 1-də keçiriləcək “Məzun günü”nə dəvət edib və universitetin kollektivinə tətil dövründə xoş, mənalı istirahət arzulayıb.