ATU-da Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirildi

Bu gün Azərbaycan Tibb Universitetində (ATU) universitetin professor-müəllim heyəti və tələbə-gənclərinin iştirakı ilə Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirildi.

Tədbiri açıq elan edən ATU-nun rektoru, millət vəkili, akademik Əhliman Əmiraslanov 26 fevral - Xocalı soyqırımından söz açdı. Rektor bildirdi ki, ATU kollektivi hər il Xocalı qətliamı ərəfəsində bir yerə toplaşaraq, bu faciə zamanı şəhid olmuş vətandaşlarımızın xatirələrini yad edir: "Bu il Xocalı faciəsindən artıq 23 il keçir. Erməni təcavüzkarlarının törətdiyi bu dəhşətli faciəni hər il yad edirik. Gənclərimiz də bu barədə məlumatlandırılırlar. Bu soyqırımın millətimizə, xalqımıza vurduğu zərbə çox ağırdır".

Millət vəkili, akademik Əhliman Əmiraslanov Xocalı soyqırımının ildönümünün hər il Azərbaycanla yanaşı, xarici ölkələrdə də qeyd edildiyini xatırlatdı: "Dünyanın hansı ölkəsində azərbaycanlılar yaşayırsa, Azərbaycan diasporası varsa, orada Xocalı soyqırımının ildönümü mərasimləri keçirilir".

Soyqırım barədə gənclərə məlumat verən rektor Əhliman Əmiraslanov bildirdi ki, Xocalı şəhərində 2500 nəfər əhali yaşayıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində soyqırım törədilib. 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri qoca olmaqla, 613 nəfər şəhid olub. 8 ailə tamamilə məhv edilib: "25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirib. Bir daha Xocalıda qətlə yetirilən şəhidlərimizə Allahdan rəhmət diləyirik".

Daha sonra ATU-nun  prorektoru, millət vəkili Rafiq Məmmədhəsənov çıxış edərək, Xocalı soyqırımının tarixindən söz açdı. ATU-nun insan anatomiyası kafedrasının professoru, həmçinin Xocalı sakini olan Mübariz Allahverdiyev də bu faciəvi günü xatırladı. O, bu hadisələrin şəxsən şahidi olduğunu, dinc insanların erməni təcavüzkarları tərəfindən vəhşicəsinə qətlə yetirildiklərindən danışdı. Faciə baş verən gecə 1275 nəfər dinc sakinin girov götürüldüyünü, onların 150-sinin taleyinin indi də məlum olmadığını söylədi.

Tədbirdə ATU-nun I daxili xəstəliklər və reanimatologiya kafedrasının dosenti Nağdəli Zamanov, Mikrobiologiya və immunologiya kafedrasının dosenti Səidə Zeynalova, I müalicə-profilaktika fakültəsinin I kurs tələbəsi Sevinc Abbasova da çıxış edərək, Xocalı soyqırımı barədə danışdılar, faciə qurbanlarını yad etdilər.

Tədbirin sonunda Xocalı soyqırımından bəhs edən sərgiyə baxış keçirildi. ATU Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə açılan sərgidə 9 tələbənin çəkdiyi 50 rəsm əsəri nümayiş olundu. Tədbir iştirakçıları həmçinin, Xocalı faciəsinə həsr olunmuş sənədli filmi də izlədilər.