ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi Xocalı Soyqırımından bəhs edən sərgi keçirtdi

Azərbaycan Tibb Universitetində (ATU)  Xocalı Soyqırımının 23 illiyinə həsr olunmuş anım tədbiri çərçivəsində bu faciədən bəhs edən sərgiyə baxış keçirilib. ATU Tələbə Həmkarlar İttifaqı Komitəsinin təkilatçılığı ilə baş tutan sərgidə 9 tələbənin çəkdiyi 50 rəsm əsəri nümayiş olunub.

Tədbir iştirakçıları həmçinin, Xocalı faciəsinə həsr olunmuş sənədli filmi də izlədilər.

Sərgidə əsərləri  nümayiş olunan tələbələr öz əl işləri ilə bağlı fikirlərini amu.edu.az saytına açıqlayıblar:

Müalicə profilaktika fakültəsinin II kurs tələbəsi Nərmin Quliyeva öz yaratdığı rəsmdə karandaşlardan istifadə etdiyini deyir: “Şəkillərimdə əsasən Xocalıda qətlə yetirilən şəhidlərimizin çəkdiyi əzabları canlandırmağa çalışmışam”.

Hərbi tibb fakültəsinin VI kurs tələbəsi Fəxri Qurbalı Xocalı faciəsinə həsr etdiyi rəsmdə qarışıq texnikadan - karandaş və kömürdən istifadə edib: “Bəzi şəkillərimi isə adi halda görünməyən işıq effekti ilə biruzə olunan formada çəkmişəm. Əslində, çox sözə ehtiyac yoxdu, şəkillər hər şeyi deyir”.

Həkim-rezident Çərkəz Quliyeva  bu əsəri yaradarkən mənəvi baxımdan çox əziyyət çəkib: “Hətta bu şəkilləri çəkərkən otura da bilmirdim. 3-4 gün əmək sərf elədim, amma əminəm ki, düşüncələrimi kağıza köçürə bildim”.