Bu gün Türkiyənin Qazi Universitetinin nümayəndə heyəti Azərbaycan Tibb Universitetində qonaq olub. Səfər çərçivəsində Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov Qazi Universitetinin rektoru, professor Süleyman Büyükberberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş zamanı ATU-nun rektoru, millət vəkili Əhliman Əmiraslanov qonaqlara son illər universitetdə görülən işlər, açılan yeni klinikaların fəaliyyəti haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, Universitetin Stomatoloji, Onkoloji, Tədris-terapevtik və Tədris-cərrahiyyə klinikalarının hər birində ən müasir tibbi avadanlıqlar quraşdırılıb. Dünyanın aparıcı şirkətlərinin istehsalı olan bu cihazlar müayinə və müalicə işini ən yüksək səviyyədə həyata keçirməyə tam imkan verir. Ə.Əmiraslanov klinika üçün yaxın gələcəkdə bir sıra yeni avadanlıqların alınmasının planlaşdırıldığını da bildirdi.
Akademik Ə.Əmiraslanov onu da qeyd etdi ki, Qazi Universiteti ilə münasibətlərin tarixi 20 ildən artıq müddətə dayanır: “Artıq bu universiteti özümüzə doğma sayırıq. Bir neçə dəfə birlikdə telekörpü təşkil etmişik. Rezidentlərimiz mübadilə proqramları çərçivəsində Qazi Universitetində rotasiya keçirlər. Bu əlaqələri daha da genişləndirmək, Qazi Universitetinə daha çox rezident göndərmək niyyətindəyik”.
Öz növbəsində Süleyman Büyükberber də Qazi Universitetinin nəzdində yeni xəstəxana tikildiyini, bu səhiyyə ocağının Avropanın ən böyük təcili yardım xidməti olacağını söylədi. Onun sözlərinə görə, hazırda 80 min tələbəsi olan Qazi Universitetinin xəstəxanasında azərbaycanlı assistentlər də işləyir: “Ümumi cərrahiyyədə işləyən azərbaycanlı rezidentlərdən çox razıyıq. Biz Tibb Universitetindən daha çox rezidentin, həkimlərin Türkiyəyə gəlməsini istəyirik”.
Daha sonra Tibb Universitetindən Türkiyəyə göndərilən rezidentlərin sayının artırılması ilə bağlı müzakirələr aparıldı. Qərara alındı ki, həm Mövlanə Mübadilə Proqramı, həm də universitetlərarası saziş əsasında Qazi Universitetinə göndərilən rezidentlərin, assistentlərin sayı artırılsın.
Bundan əlavə, Azərbaycan Tibb Universiteti və Qazi Universiteti arasında proqramların uyğunlaşdırılması məsələsi ilə bağlı ilkin müzakirələr aparıldı. Bunun sayəsində gələcəkdə bu iki təhsil ocağının tələbələrinin hər iki universitetdə təhsil alması, hər iki yerdən diplom alması mümkün olacaq.
Qeyd edək ki, Tibb Universiteti və Qazi Universiteti arasındakı qarşılıqlı əməkdaşlıq müqaviləsi akademik heyətdə çalışan əməkdaşların və tələbələrin mübadiləsi, müştərək konfranslar, seminarlar və müxtəlif tədbirlərin təşkili və digər sahələrdə qarşılıqlı fəaliyyətə dair məsələləri özündə əks etdirir.
Görüşdə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Rəhimə Qabulova, tədris işləri üzrə prorektor Sabir Əliyev, elmi işlər üzrə prorektor İbrahim İsayev, tədris hissəsinin müdiri Nəsimi Qasımov , beynəlxalq əlaqələr şöbəsinin müdiri Nadir Zeynalov iştirak ediblər. Görüşdən sonra qonaqlar ATU-nun Tədris Cərrahiyyə Klinikasındakı şəraitlə tanış olublar.