Azərbaycan Tibb Universitetində ikinci ali təhsil almaq istəyənlərin sayı xeyli artıb
ATU-nun rektoru, professor Gəray Gəraybəyli universitetimizdə ikinci təhsil almaq istəyən ali məktəb məzunları ilə görüşüb.
Artıq bir neçə dəfədir ki, universitetimizdə ikinci təhsillə bağlı qəbul məsələlərinin müzakirə edildiyini deyən rektor, bu il formatın, qaydaların və nəticələrin fərqli olacağını bildirib: “Əvvəlki illərdə bizim klinik təhsilimizin təcrübəsi təxminən 4 il ərzində aparılırdı. Bu müddətdə ancaq Tibb Universitetinin məzunlarını qəbul edirdik. Çünki o vaxt Səhiyyə Nazirliyi tərəfindən elə bir qayda qoyulmuşdu ki, Tibb Universitetinə yalnız tibb və səhiyyə sahəsini bitirən şəxslər ikinci təhsil üçün müraciət edə bilərdi. Bu il isə yenilik ondan ibarətdir ki, qeydiyyat Elm və Təhsil Nazirliyi tərəfindən aparılır. Bu barədə məlumatı olanlar çox olduğundan, ikinci təhsil üçün müraciət edənlərin sayı da artıb, 200-ə yaxındır. Sevindirici haldır ki, təhsil proqramlarımız beynəlxalq akkreditasiyadan keçəndən sonra universitetimizə bu qədər böyük maraq var. Onu da diqqətinizə çatdırım ki, hər il bizə 500 xarici vətəndaş müraciət edirdisə, bu il müraciət edənlər 1000 nəfərdir. Amma bütün təhsil müəssisələrində olduğu kimi, universitetimizdə də müəyyən məhdudiyyətlər mövcuddur. Belə ki, bizim müəllim kontingentimiz və auditoriya fondumuz hamını qəbul etmək üçün yetərli deyil. Əslində universitet maraqlıdır ki, həm beynəlxalq əlaqələri genişlənsin, həm də maddi imkanları artsın. Lakin biz 1000 nəfər xarici tələbəyə istədikləri xidməti göstərə bilməyəcəyimizdən, qəbul da edə bilmirik”.
Rektorun sözlərinə görə, müraciət edənlərin böyük əksəriyyəti IV qrup üzrə imtahan verməyən, Texniki Universiteti, İqtisadiyyat Universitetini, hətta hüquq ixtisasını bitirən şəxslərdir: “Əlbəttə, hər bir vətəndaşın seçiminə hörmətlə yanaşırıq, bu onların haqqıdır. Ancaq mövcud imkanlarımız çərçivəsində qəbul sayını azaltmağa məcburuq. Bu baxımdan, yalnız tibb və əczaçılıq elmləri üzrə təhsili olanları qəbul etməyi qərara aldıq”.
Professor G.Gəraybəyli rəqabət dövründə yaşadığımızı xatırladaraq qeyd edib ki, vaxtilə Azərbaycanda ali tibb təhsili verən bir universitet var idi: “Bu gün isə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi var, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı həkim kadrları hazırlayır. Eyni zamanda Türkiyə-Azərbaycan Universitetinin, burada Tibb fakültəsinin yaradılması haqqında söhbətlər gedir. Bütün bunlara baxmayaraq, indiyədək lider mövqeyimizi qoruyub saxlamışıq və əsas məqsədimiz tədrisin keyfiyyətini yüksəltməkdir. Bu da bilavasitə tələbə sayından asılıdır. Məsələn, Oksford Universitetinin Tibb fakültəsində I kursda qrupda 10 nəfər olur, VI kursda müəllimlə tələbə təkbətək işləyir. Həmçinin I kursdakılarla məzun olanların say fərqi böyükdür, 50 faiz azalma gedir. Bu mənada, daha çox tələbə qəbul edərək həm maddi, həm də başqa kriteriyalar baxımından bəhrələnə bilərik. Biz isə göstərə biləcəyimiz xidmətin keyfiyyətini üstün tutaraq, daha çox tələbənin qəbulundan imtina edirik”.
Universitetin elektron sistemə keçdiyini bildirən rektor, ikinci təhsil alanların I kursa qəbul olunması, dərslərdə 100 faiz əyani iştirak etməsi və ancaq ödənişli əsaslarla təhsil almasının əsas şərtlər olduğunu vurğulayıb. Bu və digər şərtlər daxilində seçimə başlanılacağını deyən ATU rəhbəri, digər məsələlərə də aydınlıq gətirib və görüş iştirakçılarının suallarını cavablandırıb.