Əhliman Əmiraslanov: “Qardaş Pakistan dövləti ilə tibb təhsili sahəsində əlaqələri genişləndirmək niyyətindəyik”
Bu gün Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov Pakistan Prezidenti cənab Məmnun Hüseynlə Azərbaycana gəlmiş nümayəndə heyətinin üzvü, Pakistanın Şəhid Zülfüqar Əli Bhutto adına Tibb Universitetinin prorektoru, Pakistan Tibb Elmləri İnstitutunun Klinikasının müdiri prof. Cavid Əkrəmi qəbul edib.
Görüş zamanı Ə.Əmiraslanov uzun illər boyu Azərbaycan və Pakistan xalqlarının sülh, əməkdaşlıq və dostluq şəraitində yaşadığını qeyd edib. Onun sözlərinə görə, bu gün ölkələrimiz müstəqil dövlət kimi hər bir sahədə, o cümlədən tibb və təhsil sahəsində də əməkdaşlıq edirlər: “Bu səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər də bunu sübut edir ki, iki qardaş ölkə arasındakı əlaqələrimiz günbəgün genişlənməkdədir. Biz Pakistan dövlətini özümüzə qardaş ölkə hesab edirik. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir”.
Ə.Əmiraslanov bütün sahələrdə tibb təhsili ilə bağlı Azərbaycanın Pakistanla əlaqələrini daha da genişləndirmək niyyətində olduqlarını açıqlayıb: “Bilirik ki, Pakistanın əczaçılıq sahəsində xüsusi uğurları var. Gələcəkdə əlaqələri dərinləşdirsək, hər iki ölkə səhiyyə sahəsindəki uğurlardan bəhrələnə bilər”.
Daha sonra akademik Ə.Əmiraslanov Tibb Universiteti haqqında qısa məlumatı qonaqların diqqətinə çatdırdı. Qeyd olundu ki, ATU Azərbaycanda tibb və əczaçılıq təhsili verən yeganə müəssisədir ki, burada 160-dan çox professor çalışır. 1930-cu ildən müstəqil universitet kimi fəaliyyətdə olan Tibb Universitetinin hazırda 8000-ə yaxın tələbə və rezidenti var. Universitetdə təhsil alan 1000-dən çox xarici tələbə arasında Pakistandan olan gənclər də var: “Gələcəkdə bu tələbələrin sayı artsa, buna yalnız sevinə bilərik”. Rektor həmçinin ATU-nun nəzdindəki klinikalar barədə məlumat verərək bildirdi ki, bu klinikalar əhaliyə yüksək ixtisaslı tibbi xidmət göstərməklə yanaşı, həm də tədris müəssisəsi kimi fəaliyyətdədir.
Sonra qonaq, Cavid Əkrəm də öz növbəsində ATU-nun rektoruna təşəkkür etdi. O, ölkələrimiz arasında siyasi əlaqələrlə yanaşı, tibb və səhiyyə sahəsində də əlaqələrin çox yüksək səviyyədə olduğundan məmnunluğunu bildirdi. Cənab Əkrəm prorektoru olduğu Tibb Universitetinin 1 ildir yaradıldığını və bu ali təhsil müəssisəsinin rektorunun Pakistanın Prezidenti olduğunu da vurğuladı. Onun sözlərinə görə, universitetin nəzdində tibb kolleci, həm də Tibb Elmləri Klinikası fəaliyyət göstərir: “Çox yaxşıdır ki, bizim təmsil etdiyimiz universitetlər yalnız tibb təhsili verir. Dünyada belə ali təhsil müəssisələrinin sayı azdır”. Prorektor Cavad Əkrəm ATU-nun mütəxəssisləri ilə birlikdə müştərək təşkilat yaratmaq arzusunda olduqlarını, həm müalicə, həm də akademik tibb sahəsində qarşılıqlı əlaqələr qurmağı, azərbaycanlı alimlərin məqalələrinin Pakistanın elmi jurnallarında dərcinin təşkil olunması istəyində olduqlarını bildirdi.
Görüşün sonunda Azərbaycan Tibb Universiteti ilə Pakistanın Şəhid Zülfüqar Əli Bhutto adına Tibb Universiteti arasında qarşılıqlı əməkdaşlığa dair saziş imzalandı. Saziş universitetlər arasında əməkdaşlığın bütün istiqamətlərini əhatə edir və tibb təhsili sahəsində münasibətlərin inkişafına xidmət edir. Bu sənəd həmçinin iki ali təhsil müəssisəsi arasında birgə rezident və mütəxəssis mübadiləsinin təşkilini nəzərdə tutur.
Görüşdə ATU-nun tədris işləri üzrə prorektoru Sabir Əliyev, Tədris Terapevtik klinikanın müdiri Surxay Musayev, Stomatologiya Klinikasının müdiri Alqış Səfərov, Tədris Cərrahiyyə Klinikanın müdiri Hacıqulu Bağırov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Nadir Zeynalov da iştirak ediblər.
Görüşdən sonra Pakistandan gələn nümayəndə heyəti ATU-nun klinikalarında yaradılan şəraitlə tanış olublar.